Xərçəngin dişisi kimi haramzada qadın…

Haramın qadın cinsi

 Nazlı Ağayeva

Bir dostum deyəndə ki, ölkədə görəsən bircə qadın tapmaq olarmı məhz evə rüşvət, haram gətirdiyi üşün ərindən boşansın? Bir nəfər cavab verdi ki, sən qadın deyirsən, heç bu səbəbdən arvadını boşayan kişi də yoxdur. Əvvəl çaşıb qaldım, sonra anladım ki, artıq gender bərabərliyidir. Atalar bu bərabərliyi görmədiklərinə görə qadın və rüşvət barədə məsəl yaratmayıblar. Üstəlik qadına rüşvət yaraşa biləcəyi ehtimalını ona yaraşdırmayıblar. Zaman keçdi, dövran dəyişdi, “irəli çəkilən” qadınlar bu sahədəki əks cinslərini geridə qoydular. Manqa başçısından tutmuş dövlət nümayəndəsinə qədər hər zərif cinsin içindən bir nəhəng təpəgöz çıxıb yaxın-uzaq ətrafı sökməyə başladı. Hərçənd sovet dönəmində bu yolla “qazanılanlar” gizli-gizlı əridilərdi. Şükür, daha demokratiyadır, əlimizdən aldıqlarının dadını üzümüzə tüpürə-tüpürə çıxardırlar. Hələ ağlım kəsməyəndə bacımı işə götürmək üçün bizim ailəyə görə “fantastik” rüşvət istəmişdilər. Daşdan çıxan həmin məbləğin üstünü son damla südünü bizdən əsirgəməyən inəyimizi satıb düzəltdilər. İnəyin hər axşam qapımıza gəlib anamın əllərini yalaması və onu əzizləyən anamın gizlincə gözlərini silməyi yaddaşımdan heç cür qopmur. Bir də qəhərlə dillənməsi:

– A zalım qızı…

Ətrafda kimsə olmurdu, mən də ki, ətəyinin dibində. İnəyə deməyəcəkdi ki? Zərif vücudlu əzabkeş varlığın bu səslə hansı zalım qızına xitab etdiyini bir tərəfə yoza bilmirdim. Sonralar başa düşdüm ki, inəyimizin “qatili” bir xanım müdir imiş. Sap-sağlam “Sarıca”mız yad qapılara sığışmayıb az vaxtda xəstələndi. Ətliyə aparıldığını öyrəndiyimiz axşam ertədən yerimizə girdik ki, anamla göz-gözə gəlməyək. Rüşvətin qadın variantına nifrətimin səbəblərindən biri uşaqlıq yaddaşımdakı bu acı xatirədir. Digər səbəblər ağlım kəsəndən sonranın işidir. Ağlım kəsəndən demək də olmur, biri durub deyəcək ki, ağlın kəssəydi, özünə bir gün ağlayardın. Ki, rüşvətçi xanımlar məhz özlərinə gün ağlamaq səbəbindən hər dona girirlər. İntəhası ağladıqları şeyin adı gündən daha çox əsrə bərabər olur. Yəni, sülalənin bir əsrlik dolanışığına. Onlar bu sərvəti bütün əzizlərinin canına and içərək, bütün dəyərləri şüara çevirərək, dövlətin adından məharətlə faydalanaraq yığırlar. Tanıdığım biri nağd üzümə dedi ki, bircə oğlumun xeyrini görməyim yalan deyirəmsə, evə yalnız qəpik-quruş aparıram. İri pullar başa çatır. Adam düşünür ki, bunun qəpik-quruşu belə olan, gör irisi necə olar. Və ani “səmimiyyətdən” təsirlənib ona ürəyin yanır: “Girmə, o iri şeylərin altına, qoy rədd olsunlar. Gül kimi sənətin var, jurnalını alıb sinfə keçən kimi rahatlayacaqsan”, – deyə ürək-dirək verirsən. Bununla qalmayıb “el qızını uçurumdan xilas etmək üçün” özünə əl qatıb baş sındırırsan. “Aman allah, axı o bir qadındır, anadır!” kimi hiss-həyəcan dolu tələblərlə ictimaiyyəti silkələmək, dağıtmaq məqamında yoxsul bir çarəsiz qapıya gəlib yoluma daş qoyur. Dövlət rüsumunun təxminən iyirmi mislini oxuduğu həmin fağırdan ötrü xahişə gedirsən. Divar kimi boyalı və soyuq sifətlə “vətəndaşa şərtlər barədə izahat verilib, işinə gəlmirsə, kimə istəyir şikayət etsin”, – deyib qapıya boylanır. Qapıda xeyli “izahat” növbəsi var. Riyaziyyatı zəif olanlar müəllimənin izahatından sonra təkrar hazırlaşıb gələcəklər. Çexovun çoxdan oxuduğum bir hekayəsindəki xəyalpərvər tələbənin gününə düşüb Mirzə Cəlilin novruzəlisinə söykənərək özümü dövlət idarəsinin pilləkənlərindən aşağı sürüyürəm. O anlarda zərif qəhrəmanım qəbuldan mühüm telefon söhbətinə keçid edir: “Heç… bir maymağa gülürdüm. Allah filankəs müəllimi şəxsən bizim ailəyə çox görməsin. Sayəsində hardan-hara gəldik. O günləri bir qonaqlıqdan sonra yoldaşıma deyib ki, bəs şansının qədrini bil, belə həyat yoldaşı hər kəsə nəsib olmur”. Adam doğru deyib. Xanımın həyat yoldaşı çox şanslıdır. Hətta o qədər ki, xalqın yuxuda belə görə bilmədikləri ondan və ailəsindən ötrü gündəlik həyat tərzinə çevrilib. Hərçənd gözü götürməyənlər arada yüngülcə ürək bulandırmağa çalışırlar. Bu da təbiidir. Hamı yaxşı yaşamaq istəyir. Amma hamının evində demokratik şərait olmur. Hələ genderi keçdik, çünki onu demişik. Bütün bunların rüşvətlə məngirləndiyini rəsmən demək olmaz. Qadın xeylağını dilə-dişə salmaq adətdən deyil. Həm də xaricdə şirkət quran uşaqların gələcəyinə ziyan dəyər. O parlaq gələcəyin zülmət keçmişi olan bizim uşaqlar bəs? Onlar Qarabağda əsgərlik, paytaxtın göydələnlərində fəhləlik edərək həyat uğrunda mübarizə aparsınlar. Amma bu gələcək artıq yalnız mentalitet deyil, sırf qismət məsələsidir. Qəfil güllədən və yaxud labüd texniki təhlükədən sığortalanmaq mümkün deyil. Əli qabarlı, ürəyi qübarlı anaların səksəkəli, nigaran yuxularında vurular oğullar…

***

…Əlillik komissiyasının regional şöbəsindəki kargüzarlıq işi ilə pensiya qruplarından özünə möhtəşəm şərait qurub varlılar cərgəsinə düşmüş gənc xanım barədə xırda bir yazı yazmışdım: “Adı çiçəkdən olan qızın nağılı”. O qız “nağıl edirdi” ki, “heç bilməzdim arzularımın, xəyallarımın yolu əlillik dərəcələrindən keçəcək. Yaratdığım hər şey onların ağrılarını, əzablarını xatırladacaq”. Könüllü “təəssübkeşlər” klassik arqumentlərlə üstümə gəldi. Xanım yol kəsib, ev yarmayıbmış, əldə etdiklərini sadəcə işinin özəlliklərini mənimsəyərək qazanıb. Üstəlik şikayətçi yoxdur, alandan çox verən halından məmnundur. Soruşuram, ad çəkməmişəm axı, niyə narahatsınız? Cavab çox sadədir: “Camaat çörəyi qulağına yemir”. Bəsit məntiqə görə deyil, danışmağa dəyməz deyə susuram. Danışıb nə deyəcəkdim ki? Ölkədə əlilliklə əlaqəsi olmayan kimsə qalmayıb…

P.S. Haramın ağı-qarası olmaz. İntəhası qadının haramzadası xərçəngin dişisi kimidir. Allah qorusun demək də olmur, çünki, istər-istəməz hər kəs dönüb-dolanıb dəfələrlə hökümət qapısı döyməyə məhkumdur. O möhürlü-imzalı arayışların xərci-borcunu ödəməsə də, bu vətənin vətəndaşı olmaq ödənişlərindən biri kimi məhkumiyyət…

https://qaynarinfo.az/az/xercengin-disisi-kimi-haramzada-qadin/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*