Məlahət Ağacan Rübabə: Medalla ağzına qıfıl, əllərinə qandal vurduranlar xalqa SÖZünü harası ilə deyəcək?!

Aprelin 6-sı Azərbaycanın on milyonuncu vətəndaşı dünyaya gəldi. Dövlət səviyyəsində gəlişi qeyd olundu, şərəfinə konsertlər verildi, göyə fişənglər atıldı, havaya şarlar buraxıldı…Telefonlara on milyonuncu vətəndaşın gəlişi münasibətilə SMS-lər gəldi, metroda hər stansiyada təbriklər səsləndirildi… Elə həmin günlərdə N saylı hərbi hissənin qəzalı silah anbarından dəmir oğurluğu etmək istəyən ?.. milyonuncu Azərbaycan vətəndaşının faciəli ölümü haqqında isə balaca bir xəbər də verilmədi: tapdığı “ağır dəmir”i oğurlaya bilməyəcəyini anlayan ?.. milyonuncu vətəndaş onu dəmirkəsən mişarla kəsmək istəyəndə “dəmir” partlayıb, ?.. milyonuncu vətəndaş faciəli şəkildə dünyasını dəyişib… On milyonuncu vətəndaşın dünyaya gəlişini bayram edildiyi günlərdə qapımızı dizdən aşağı sol ayağı olmayan, 60-65 yaşlı bir kişi döyürdü. Təəccüb və heyrətlə ona baxdığımı görüb dedi:-Əgər sınıq, deşik plasmas qablarınız varsa mən onları yığıb satıram…-Sonra utana-utana əlavə etdi,- protez ayağım sınıb, yenisini sifariş etmişəm, gedib götürməyə pulum çatmır… Ailəsinə çörək almaq üçün bomba doğrayan, protez ayaq üçün qapılardan, zibilliklərdən plasmas, dəmir… toplayanların ölkəsində təzəlikcə İlham Əliev xalq şairi, xalq yazıçısı, xalq müğənnisi adları, orden- medalları paylayıb.

Müğənni Cavan Zeynallı deyib ki, “xalq artisti” adı aldığımı eşidəndə protez ayağım silkələndi, az qaldı mişarla kəsilən bomba kimi partlayım. Üzr istəyirəm, səhv yazdım, deyib ki, sevincdən dizlərim əsdi “ayrı-ayrı doğulduq bu dünyada, axır gəlib bir olduq, bu dünyada. Ey həyat, sən nə qəribəsən?!” mahnımı şir kimi nərildəyərək oxumaq istədim, axı bir vaxtlar adım CavanŞir idi…

Sumqayıtda Heydər Əliyevin böyük heykəlini götürüb, yerinə Eyfel qülləsinə bənzəyən balaca neft buruğu maketi qoyublar. Neft gəlirləri hesabına quduran məmurlar Heydər Əliyevin heykəlini götürüb yerinə ancaq neft buruğu maketi qoya bilərdilər. Axı onlar dünyasını dəyişən Heydər Əliyevin yox, rəhmətə gedən Neftin, quruyan neft buruqlarının həsrətini çəkirlər. Neftsiz ölkə elə eybəcər hala düşüb ki, hakimiyyətdəkilər ondan utanır. Elə ona görə də Ramiz Rövşənə “Səndən utanıram Vətən”şeirini yazdığı üçün xalq şairi adı verildi:

“…Adam səni sevməyə indi utanır, Vətən.

Üstündə neft ləkəsi kim yuyacaq bu ləkəni,

Milyonçular ölkəsi, dilənçilər vətəni.

Neftlə getdi bərəkətin, bərəkət qaçdı səndən.

Neftlə getdi bəkarətin, borular keçdi səndən…”.

Ad, medal alanda sevincdən dizləri əsənlər, ürəyi gedənlər, özünüz də bilirsiz ki, İlham Əliyev orden- medalı yaxanıza yox, ağzınıza, əllərinizə vurur…

Əcəba, medalla ağzına qıfıl, ordenlə əllərinə qandal vuran şair, yazıçı xalqa SÖZünü harası ilə çatdıra bilər?!..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*