Nazlı Ağayeva: Neft və əlibalalar səltənətində

Müəllif: Nazlı Ağayeva Mənbə: meydan.tv Tarix: 16 Aprel 2019

Əslində gənc heykəl məhbusu Bayramdan yazasıydım, gücüm çatmadı Dostum o qədər dürüst idi ki, az-çox ədalətli hesab olunan mən belə onun yanında özümü günahkar sayırdım. Mühasib ciddiliyinin altındakı xanım-xatınlığı isə başqa bir aləm idi. O kövrək və zərif aləmdən çox az adamın xəbəri vardı, dostum ömrünün çox hissəsinə çevrilmiş rəqəmlərin arasında öz dünyasını gizlətməyi bacarırdı. Hər gün işdən çıxıb bizə gələr, anamla bərabər vaxt keçirərdik. Sonra onu ötürərdim. Artıq o vaxtlar yoxdu, o yolları ürəyimizə köçürüb ordan dərdləşirik.

O bəxtəvər günlərimizdə rayonun o zamankı “işgüzar” başçısı Əlibala Məmmədovla tez-tez rastlaşardıq. Görünür o ətraflarda dövlət torpağından-zaddan gözaltı edib məsələni reallaşdırmaqla məşğul idi. İnsafən, adam çoxsahəli biznes məsələlərini akademik səviyyədə mənimsəyib peşəkarcasına həyata keçirərdi. Məsələn, bir vəzifəni iki adamla qiymətləşərsə, daha yağlısı çıxanda dərhal bir məktəbi ikiyə bölüb birinci iki namizədin arvadlarını direktor qoymaqla haqq-hesabı çürüdürdü. Sonra da deyirik ölkənin gəliri yalnız neftdəndi. Bir gün növbəti ötürmədən qayıdarkən məni maşına dəvət etdi. Başçı saxladan maşının markasına baxmazlar, deyib oturdum. Nə də olsa ayağımı yerdən götürəcəkdi. Üstəlik ən əsası evə məndən tez çatan xəbərə görə anam bir həftə qonşu arvadlara hava atacaqdı. Allah üçünə desək, “yeri” də vardı. Çünki salamdan dərhal sonra başçı anamdan ətraflı hal-əhval tutub ona yaxşı baxmağımı tapşırdı.

Cavabında deyə bilərdim ki, təzə binaya köçürülüb balansdan silinmiş köhnə idarə binasından ötrü qəbuluna gəlib ağız açmadımmı ki, anam kirayələrə daşınmaqdan üzülüb. İcazə ver, yığışaq ora, dincəlsin biryolluq. Onda demədinmi ki, mən dövlətin mirasını sənin kimi müxalifətə versəm yuxarılara çatar, ikimiz üçün də yaxşı olmaz. Sökdürəcəm, getsin. Dövlətin ha, o tikili bəlkə sovetdən əvvəl qalmaydı. Söhbətdən bir-iki həftə sonra oranı neçəsə minə satmadınmı? İndi məni hazırlıqsız şagird yerinə qoymusan, ay ibtidai sinif müəllimi? Ana qədri bilən olmusanmı?

Demədim, çünki adam mövcud iqtidarın elə-belə yox, başçı məmuru idi. Bu qədər pilləkənləri qalxmaq üçün içində nəyin var qoyub gəlməlisən. Ən zəif ehtimalla əyər vardısa. Əslində bu işin doğuşdan lirikası, insafı-mürvəti olmaz. Hər şey saxta siyasətlə, dağıdıcı iqtisadiyyatla, baş alıb gedən zorakılıqlarla barışmayanlardan qisas almağa köklənib. Bu qədər bəsit durumda adama Amerika açası deyilsən ki. Elə onun kimi boğazdan yuxarı dil-ağız edərək yola verəcəksən. Ana mövzusu bitər-bitməz başçı rəhmətlik atamı daim hörmətlə xatırladığından danışdı. O cür atanın adına layiq olmağın vacibliyini qeyd etdi. Söhbətin hara varacağını dəqiq bildiyimə görə bəri başdan digər ailə üzvlərimlə heç bir əlaqəm olmadığını söylədim.

***

Yay axşamüstüsü ola, üstəlik dükanqabağı… Küçəmiz dolub-daşırdı. Ayağımı yerə qoyar-qoymaz anamın ələ öyrətdiyi uşaqlar bizim qapıya götürüldülər. Hər dəfə “Nazlı xala gəlir” deyə üstünə cumanları əlini cibinə salıb sevindirirdi. Bir dəfə dözməyib dedim ki, daha müharibədən gəlmirəm axı. Çəkim bunların qulağını, səni incitməsinlər. “Sənin müharibən qurtaran deyil, uşaqlarla işin olmasın”, – dedi. Bu dəfə isə hətta “başçının maşını” xəbərini yalnız mənim duyacağım qədər soyuq qarşıladı. Bədahətən uyduracağım xəyalları ala gözlərdəki ani kölgə dağıtsa da, evə keçəndə başçının salamını çatdırdım. Qarşılıqlı olaraq səsimdən pərtliyimi anlayan kimi dərhal tövrünü dəyişib içdən gülümsədi. Mən də onu “aldatmağa” qıymayıb “vəd olunan xoşbəxt gələcək” barədə heç nə uydurmadım.

Bir neçə gündən sonra sacda yuxa salan anam qəfil dilləndi: – Ev məsələsini bilirdim… Ötən il sən telefonla söhbət edəndə yatmamışdım. Amma yenə onun maşınına mindiyinə sevindim. Xəcalətdən ölə-ölə maşına mindiyimə görə niyə sevindiyini soruşdum: – Heç olmasa görüb-eşidən xırda it-qurdların səninlə işi olmaz. Özü tapşırıq verməsə… Mənə sənin sağlığından başqa heç nə lazım deyil… Allahım, xəyali evimizin məndən “gizlədilən” qırmızı pərdələrinin xəfif qızartısı çökmüş o gözəl simada nələr yox idi? Ona yaşatmağa məcbur olduğum həyat şərtlərindən utanıb üzünə çox baxa bilmədim. Sadəcə daimi olanı gördüm. Ürək-dirək, sevgi… Qalanlarını pərdədən daha etibarlı yerdə saxlamışdı. Ondansa kaş ki, əlindəki oxlovdan keçirəydi məni, bu gün ürəyimin yerinə kürəyim sızıldayaydı. Ürək ağrısını hətta sağlam kürəklərdə daşımaq olmur.

***

Anam gözlərini başqa bir başçının dövründə köçdüyümüz “JEK” köşələrində yumdu. Onu özümə yaxın yerlərdə dəfn edə bilməyib kəndə apardıq. Çünki müqaviləyə əsasən ictimai mənzildə “qanunsuz yığıncaqlar keçirməmək barədə” xəbərdarlığım var… Bu qədəri də olmazdımı deyirsiniz? O isə biz nə rəhmsiz rəhbərlər gördük…

Rayon o zamanlardan bəri həmin seriyadan dördüncü başçıya təhvil verilib. Mən hələ də bütün qanunlarla mülkiyyətçi hüququm olan “ictimai evdə” kirayəçiyəm. Müqavilə şərtləri qüvvədədir… Əslində gənc heykəl məhbusu Bayramdan yazasıydım, gücüm çatmadı. Yoxsa Əlibala Məmmədovun və digərlərinin küllü-ixtiyar vaxtlarında o boyda felyetonlar yazan adamam, indi təqaüdçünün biri niyə mövzu olsun ki?

Sadəcə anamın xatirələrinə kökləndim, ordan çıxdılar. Rejim kabus kimi ən ülvi hisslərimizdə gəzib dolaşır, hər addımda həyatımızı ağırlaşdırır. Məsələ səndə-məndə deyil, yuxarıların ən böyük həzzi ümumilikdə bizim əzablarımızdır…

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*