Aslan Kənan: Müşfiq Müsavatın gənclər təşkilatının üzvü olub…Düşünmürəm ki, tapılan qalıqlar Mikayıl Müşfiqindir

Dövlət Ədəbiyyat və İncəsənt Arxivinin direktor müavini, repressiya qurbanları tədqiqatçısı Aslan Kənan son günlər media və sosial şəbəkələrdə geniş müzakirəyə çıxarılmış Mikayıl Müşfiq mövzusu ilə bağlı Publika.az-a maraqlı müsahibə verib.

– Aslan müəllim, əvvəlcə bu günlərdə Mikayıl Müşfiqlə bağlı gündəmə gələn iddiadan başlayaq. Rusiyalı milyarder Fərhad Əhmədov Mikayıl Müşfiqin qalıqlarının Qaradağ rayonu, Puta qəsəbəsində tapdığını iddia edir. Bununla bağlı komissiya yaradılıb, DNT analizlərindən sonra dəqiq fikir səsləndiriləcək. Sizcə, həmin qalıqlar Müşfiqə aid ola bilərmi?

– Əvvəlcə onu deyim ki, mən DNT analizlərinin nəticəsinə inanmıram. Çünki texnikadır, həm səhv, həm də düzgün nəticə göstərə bilər. Düşünmürəm ki, tapılan qalıqlar Mikayıl Müşfiqindir.

– Şairin ölümü ilə bağlı müxtəlif versiyalar var. Onu vuran şəxsin illər sonra bunu etiraf etməsi ilə bağlı mətbuatda yazılar da verilmişdi.

– 1937-ci ildə Müşfiq doğum gününə bir gün qalmış həbs edilir, 1938-ci ilin yanvarın 5-dən 6-na keçən gecə onu güllələyirlər. Sual olunur: əvvəllər televiziya yox idi, bir neçə qəzet var idi, onu həmin dediyin cəllad necə tanıya bilərdi? Mikayıl Müşfiq cavan şair idi, onu əsasən yazıçı, şairlər tanıyırdı. Bir də şair harada görüşlər keçirirdisə, həmin yığıncaqda olanlar onu tanıyardı. Cəlladın həmin məclisdə nə işi vardı?!

– Müşfiq necə dəfn edilib?

– Bu barədə heç bir sənəddə yazılmayıb. Cəsədlərin dəfninə gəldikdə, NKVD-nin xüsusi kimsəsizlər yeri olub, bir qəbirdə bir neçə şəxs dəfn edilirmiş. Çünki onları basdırmağa elə bir vaxt da yox idi. Bir güllələnmə hökmü vermək 15-20 dəqiqə çəkirdisə, onları basdırmaq da elə bu şəkildə olurdu. Məsələn, Böyükağa Talıblı ilə Əhməd Cavad bir vaxtda güllələnib. Məgər onların hər birini ayrılıqdamı basdırıblar? Xeyr! Bir neçə güllələnmiş şəxs üçün dərin xəndək qazılır, onları ora atırdılar. Təmtəraqla dəfn etməyəcəkdilər ki… Müşfiq Müsavatın gənclər təşkilatının üzvü olub, onun üzərində 1926-1930-cu illərədə bir neçə əksinqilabçı ilə əlaqədə olmaq “günahı” var idi… Bir gündə 3-4 nəfəri birdən güllələyirdilər, hər biri üçün ayrıca qəbir qazmayacaqdılar ki? Biz nə qədər Müşfiqi sevsək də, onun belə dəfn edilməsini qəbul etmək istəməsək də, bu reallıqdır.

Hesab edirəm ki, əlaqədar nazirliklər bütün işlərə kompleks şəkildə yanaşmalıdır. Repressiya qurbanlarına da bir abidə qoyula bilər. Fikrimcə, repressiya olanlar harada dəfn edilibsə, şəhərdə və ya ondan kənarda, qəbirlərə toxunmamaq şərtilə onlar üçün bir abidə ucaldılsın. Onsuz da şəhərimiz o qədər genişlənib, qəşəngləşib ki, 20-30 kilometr məsafə o qədər də uzaq sayılmır. Yollar, Allaha şükür, şüşə kimidir, əvvəlki kimi narahat deyil. Xaricdən gələn qonaqlar da həm repressiya qurbanlarını ziyarət edər, həm də bizim gözəl paytaxtımızın necə dəyişdiyinin şahidi olarlar.

Güllələnənlər, repressiyaya məruz qalanlar arasında haqlılar da, haqsızlar da var idi. Mikayıl Müşfiq kimi şəxslərin üzünə duranların özləri də repressiyaya məruz qalıb. Bəziləri Müsavatın üzvü olub, onu təbliğ etsə də, donos yazmaqla sağ-salamat çıxa biliblər. Elə şəxslər olub ki, həyət evində yaşayıb, heç kəs bilməsin deyə, ayaqqabılarını qapının ağzında qoyub, ayaqyalın donosluq etməyə gedib.

– Söhbət yazıçı, şairlərdən gedir?

– Bəli! Onlar da var. Amma təkcə söhbət onlardan getmir. Təbii ki, aralarında heykəllər qoyduğumuz şair və yazıçılarımız da var. Onlar nə qədər insanın ölümünə səbəb olub. Üstəlik, təkcə repressiya vaxtı yox, sonra da bu cür işlərlə məşğul olublar. Bütün məsələlərdən arxiv sənədlər əsasında danışıram. Milli Təhlükəsizlik Nazirliyi, Milli Arxiv İdarəsinin sənədləri əsasında 1937-ci ildən hansı şair, yazıçı bir-birinin üzünə durub, hamısı ilə tanışam. NKVD-nin zirzəmisində qələm yoldaşının üzünə duranları günahlandırmıram. Çünki onlara ağlagəlməz işgəncə verirdilər. Bir qrup isə ev almaq, çap olunmaq, vəzifə xatirinə dostlarının üzünə dururdular. Onların çoxu tanınmış şəxslərdir.

Hər dəfə kimisə saxlamaq istəyəndə həbsdə olanları onlar haqqında kəskin fikirlər səsləndiməyə məcbur edir və bu səbəblə də həbs edirdilər. Bu barədə sənədlərin hamısı arxivdə var. Müşfiqin ən çox üzünə duran 1937-ci ildə Yazıçılar İttifaqının sədri və katibi olub. Onların ətrafında olan “qulbeçələr” də var idi.

– Niyə Mikayıl Müşfiq?

– Həmin dövrdə kim parlayırdısa, ona qarşı çıxırdılar.

– Mircəfər Bağırovun özünün Müşfiqi güllələməsi barədə iddialar var. Hətta birinci gülləni onun atdığı, sonra isə başqasının iki dəfə atəş açdığı deyilir.

– Bu iddia ilə razı deyiləm. Biri yazır ki, Müşfiqə birinci Mir Cəfər Bağırov güllə atıb və sonra yanındakı iki güllə vurub. Biri yazır ki, Müşfiqi üç güllə ilə mən vurmuşam, bu da gilizlər, biri yazır ki, suda boğublar. Deyirlər ki, Müşfiqi öldürən şəxs üç gilizi illərdir evində saxlayıb. Bunlar inandırıcı variant deyil. Birincisi, kimin cürəti çatar ki, Bağırovdan sonra tapançaya əl atsın. Bağırovun adı gələndə tük salırdılar. İkincisi, o dövrdə kim cürət edib Bağırovdan sonra güllə ata bilərdi? Sənədlərdə bu barədə heç bir məlumat verilmir. Yuxarıda qeyd etdiyim kimi, o adam necə bilib ki, güllələdiyi şəxs Mikayıl Müşfiqdir? Bir də onun nə ixtiyarı var idi ki, gilizi gizli olaraq özündə saxlasın. Axı həmin gilizləri təhvil verirlər. Sovet dövründə kiminsə üstündə kiçik bir bıçaq tutanda beş il həbs edirdilər. Necə ola bilər ki, həmin adam gilizləri saxlasın? Bu yalandır, fantaziyadır, həmin şəxs gündəmə gəlmək məqsədilə belə bir iddia qaldırır. Bir də kim öldürdüyü adam haqqında belə fikir söyləyər. O çalışar ki, onun cəllad olduğun heç kəs bilməsin.

Bundan başqa, güllələnmə küçədə yox, bağlı qapı arxasında baş verirdi. Atəş açılan qapının üzərində dəlik olurdu, həmin dəlikdən də güllə atılırdı. Güllələnən şəxs öldürüləcəyini bilsə də, hökmün nə vaxt yerinə yetiriləcəyindən xəbəri olmurdu. Güllələnən şəxsi həmin qapıdan ötürürdülər və ona başqa bir istiqamətə gedəcəyini bildirirdilər. Sonra özü də bilmədən gedəcəyi istiqamətin arxa tərəfindən qeyd etdiyimiz dəlikdən atəş açılırdı. Güllə həmin şəxsin başının arxa tərəfdən dəyirdi. Ölümü dəqiq olsun deyə, bir-iki güllə də əlavə atəş açırdılar. Eyni zamanda, güllələyən şəxs də kimə atəş açdığını bilmirdi. Həmin gün güllənməni icra edən şöbənin rəisi tərəfindən hökmün yerinə yetirilməsi haqqında rəhbərliyə arayış yazılırdı. Həmin sənəddə çox zaman ölən şəxsin fotosu da verilirdi.

Deyilənlərdən və oxuduqlarımdan mənə məlumdur ki, bəzən öldürülən şəxsin başında güllə girən yerinə xaç şəklində sap salırdılar. Bununla da həmin şəxsin həqiqətən öldüyü sübut olunurdu.

Müşfiqin dənizə atılması iddiası da yalandır. Təsəvvür edin, bir neçə şəxsi kütləvi basdırmaq üçün aparanda nə üçün yolda dayanıb, onları dənizə atsınlar. Haradan bilirdilər ki, apardıqları şəxs Müşfiqdir? Üstəlik, dəniz qəbiristanlıq deyil ki, ora atılsın.

– Müşfiqlə Bağırovun üzbəüz ünsiyyəti olub?

– İnanmıram belə ünsiyyət olsun. Müşfiq gənc şair idi, onlar arasında necə münasibət ola bilərdi?

– Belə versiyalar var ki, müəllim işləyəndə bir neçə dəfə şagirdlərdən biri pəncərəni örtüb, hər dəfə pəncərə açılır. Müşfiq “Sovetin pəncərəsi belə olar da” deyib; Yaxud da Stalinlə bağlı kəskin fikirlər səsləndirdiyi deyilir. Onun bu fiklirləri “yuxarılar”a çatdırılıb…

– Bu cür fikirlər təkcə Müşfiq yox, başqaları haqqında da səsləndirilib. Belə replikaların olmasını inkar etmirəm. Lakin düşünmürəm ki, Müşfiq bu fikirlərinə görə repressiyaya məruz qalsın. Üstəlik, Stalin haqqında Müşfiqin əsəri var idi. Müşfiq həm də Hüseyn Cavid, Əhməd Cavad ətrafında olduğu üçün öldürüldü. Cavid deyirdi ki, “Müşfiq bir oddur ki, özünü yandıracaq”.

 

https://publika.az/projects/xususi/259159.html

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*