Sultan Laçın: “Məşhur model “Məhsul” stadionunda striptiz göstərəcək…” – Pulsuz!..

“Məşhur model “Məhsul” stadionunda striptiz göstərəcək…” – Pulsuz!..
Bax, budur son 30 illik hərəkatımızın və hərəkətsizliyimizin MƏHSULU…

Sultan Laçın

25 ildən sonra, nəhayət, özümüzü toparlayıb bir Qarabağ mitinqi keçirdik… Təşkilatçıların çoxu deyir ki, sayın əhəmiyyəti yoxdur… Əsas odur ki, mitinq alındı, sözümüzü dedik…

***

Düzdü, çəkinmədən deyə bilərik ki, “Məhsul” stadionunda minlərlə Azərbaycan vətəndaşı “Qarabağ bizimdir!” hayqırdı… Ən azı, Bakının mərkəzində bir “Qarabağ” harayı qalxdı…. Və bu həyəcanı, ordakı minlərdən əlavə, kənardakı göydələnlərdən və ətraf küçədən keçənlər də duydu, yaşadı… Və buna görə Qarabağ Mitinq komitəsinə, Qarabağ Azadlıq Təşkilatına təşəkkür etmək gərəkdir… Amma bu, həmdə bir test oldu. Həm cəmiyyət, həm iqtidar, həm də ermənilər və beynəlxalq güclər üçün… Bu mənada sayın böyük əhəmiyyəti var… Əgər hələ bölgələri demirik, 3 milyonluq şəhərdə, azı, 300 minə yaxın Qarabağ, 100 mindən çox Ermənistan qaçqınının yaşadığı bir şəhərdə Qarabağ harayına, ən azı, bir stadion dolmursa…

***

Bunun səbəblərini araşdırmaq lazımdır… Əvvəla, hər hansı bir iş dalınca getmək üçün maraq lazımdır… Qarabağı, gərək sevəsən ki, onun harayına toplaşasan… Qarabağı sevənlər əsasən 1-ci Qarabağ savaşında gerçək döyüşlərdə olmuş qazilər, əlillər, bir də o torpaqlardan didərgin düşmüş 35-70-80… yaşlılardır… Onlar arasında da ahılların bəzisinin internetlə, sosial şəbəkələrlə əlaqəsi olmadığından mitinqin keçiriləcəyindən xəbəri olmayıb…

***

Əgər telekanallardan birində Qarabağ mitinqi barədə elan verilsəydi, bu da işturakçıların sayına xeyli təsir göstərərdi…

***

Bəziləri gəlmək istəyib, amma yaşı, yaxud sağlamlığı imkan verməyib…. Digərləri isə artıq ümidlərini itiriblər; 1988-ci ildən bəri tanıdıqları siyasi liderlərin təşkilatçılığıyla keçən mitinqlərin yenə də kimlərinsə marağına xidmət etməsindən şübhələnirlər…

***

Hətta 1-ci Qarabağ döyüşçüləri, qaziləri arasında eləsi oldu ki, sosial şəbəkədə mitinqə gəlməməsinin səbəbini belə izah etdi:”Qarabağ mitinqlə azad edilmir, Qarabağı döyüşlə almaq lazımdır”. Digərləri isə ölkənin o boyda – 20 faiz torpaqlarının işğalı ilə bağlı adi bir stadionda mitinq keçirməyi xalq üçün təhqir hesab etdi…

***

Hələ bu, şükürlü oldu. Bakı meriyası əvvəlcə Əmircan qəsəbəsindəki balaca bir klub zalı təklif etmişdi… Sonra nədənsə insafa gəldilər…

***

O da var ki, 1988-1992-ci illərdən fərqli olaraq kütlələrin, o cümlədən elə Ermənistan, Qarabağ qaçqınlarının xeyli hissəsinin başı “bir qarın çörək pulu qazanmaq” üçün “20 Yanvar”(!) metro keçidində, 20 Yanvar(!) dairəsindəki ticarət mərkəzlərində, qanunsuz-qanuni taksi və avtobus dayanacaqlarında, “Sədərək”də, “Binə”də və s. ticarətə, alverə qarışıb… Qazancını qoyub Qarabağ harayına gələnlərin sayı çox az oldu…

***

Həm də 1988-ci ildən bəri Qarabağ, Meydan dalğasında hakimiyyətə gəlmiş-getmiş bir para siyasi liderlər artıq öz rollarını bitirdiyindən onların da özləri və tərəfdarlarının çoxu 30 il sonrakı Qarabağ mitinqinə gəlmədi…

***

Bir sözlə, “Məhsul” stadionundakı Qarabağ mitinqində, əslində, 1988-ci ildən bəri gedən proseslərin məhsulunu dərdik və gördük… Bəs niyə belə az “bar” verdi 30 illik zəhmətimiz… Ona görə ki, Qarabağ dalğasında başlanan “xalq hərəkatı” adlandırdığımız prosesin aparıcı qüvvəsi gerçəkdən xalq kütlələri olsa da, sonunda hərəkat xalqın istədiyi istiqamətdə getmədi… SSRİ-ni dağıtmaqla Azərbaycanın da altına-üstünə yiyələnməyi planlayanların və Bakıda mərhələ-mərhələ hakimiyyətə gəlmək məqsədi güdənlərin, o hərəkatın, AXC-nin-filanın içində, başında agentura şəbəkəsi quranların, Meydana maya buraxanların, peraşki, sosiska, kabab daşıtdıranların istədiyi istiqamətdə getdi… Artıq bunları gizlətməyin adı yoxdur…

***

Yəni həmişə dediyimiz kimi, azadlıq hərəkatının özü də azad olmalıdır… Xalq hərəkatı məkrli xarici və daxili güclər tərəfindən idarə olunanda onun məhsulunu, bəhrəsini də elə o güclər yeyir…

***

Bəziləri bizimlə razılaşmaya bilər ki, yox bu, xalq hərəkatına böhtandı, hərəkatı xalq özü, onun içərisindən çıxmış liderlər idarə edirdi…

***

Amma o vaxt Meydanda olmuş hər kəsin yadındadır ki, ilk vaxtlar göstəri üçün milislə bir neçə qarşıdurma olsa da, bir-iki nəfər həbs edilsə də, sonradan xalq kütlələrinin meydanı doldurması üçün hər cür şərait yaradıldı…. O vaxtkı tələbələrin də yaxşı yadında olar ki, 17-18 noyabr 1988-ci ildə sərbəst şəkildə universitetdən, institutlardan, yataqxanalardan toplaşıb Azadlıq meydanına tərəf üz tutanda bizləri yol milisinin avtomobulləri müşayiət edirdi… Sanki elə sovet dövründəki yuxarıdan tapşırıqla təşkil olunan 1 May nümayişinə çıxırdıq… Amma fərq onda idi ki, iştirakçıların xeylisi bu tədbirə, doğrudan da, könüllü şəkildə, Vətən, Qarabağ sevgisi ilə qatılırdı…

***

1988-1989-cu illərdə ali məktəb prorektoru, partkomu və s. işləmiş müəllimlər də bu gün etiraf edir ki, tələbələrin mitinq üçün toplaşaraq dərs prosesini pozmaları haqda rektorlara məlumat verəndə deyirdilər ki, heç kəsə toxunmayın, qoyun, toplaşıb meydana getsinlər – yuxarıdan GÖSTƏRİŞ(!) belədir…

***

Bəli, GÖSTƏRİŞ… ABŞ-dan Qorbaçova, Qorbaçovdan “KQB”-yə, “KQB”-dən Mərkəzi Komitəyə, ordan da Bakıya, İrəvana, Tiflisə, Kiyevə və s. verilən GÖSTƏRİŞ… Həmin göstərişin sonu yerlərdəki şəhər, rayon, ali məktəblərə, zavod, fabrik və s. rəhbərlərinə çatırdı… Onlar da canla-başla icra edirdi… Yəni TƏŞKİL edirdi…. GÖSTƏRİŞ VƏ TƏŞKİLATANMA…

***

Məhz həmin GÖSTƏRİŞ və TƏŞKİLATLANMALARLA neçə hakimiyyətləri adlayıb bu günkü günlərə gəldik çıxdıq… “Azadlıq aşiqi” Nemət Pənahlının Meydanda dediyi, “müstəqillik illərində torpaqlarımızı örtəcək” o “5 sm-lik qızıl” da xərcləndi, vullalara, xarici banklara, ofşorlara sovruldu… Və Amerika jurnallarının “İlin ən qeyrətli xalqı” adlandırdığı, o boyda SSRİ-ni “yıxan”, sovet tanklarının qarşısına çıxıb şəhid olan, Azərbaycana hüquqi müstəqillik qazandıran, onun üçrəngli bayrağını, gerbini qaldıran bir xalq torpağının beşdə birinin 2-3 milyonluq Ermənistanın əlində qalmasına 25 il dözdü, üstəlik bir ovuc korrupsioner oliqarxın əlində girinc qaldı… Bax, budur son 30 ilimizin, 30 illik hərəkatımızın və hərəkətsizliyimizin MƏHSULU…

***

Odur ki, “Qarabağ” harayına “Məhsul” stadionunu doldura bilmədik…. Nə çatmırdı? GÖSTƏRİŞLƏ TƏŞKİLATLANMA və MARAQ…

***

Əgər Qarabağ mitinqini birbaşa hakim partiya təyin etmiş olsaydı, indi bütün bağçalardan, məktəblərdən, ali məktəblərdən tutmuş iri müəssisə, şirkət, komitə və nazirliklərədək hamı GÖSTƏRİŞlə azı 100 minlik mitinq TƏŞKİL etmişdi… Necə ki, bəzi tədbirlər bu qaydada təşkil edilir… Daha bunu da gizlətməyin adı yoxdur…

***

Bu gün Qarabağın harayına gəlməyən 10 minlər dırnaq içində “Qarabağ”ın futbol oyununa 50 minə yaxın bilet alıb…. MARAQ!..

***

Sınaq üçün hər hansı bir QHT-filan bu gün belə bir elan versin:”Oktyabrın 3-də məşhur müğənni “Məhsul” stadionunda lüt soyunub striptiz-şou göstərəcək. Nümayiş stadiondakı iri ekranlardan da yayımlanacaq. Giriş pulsuzdur”. İnanın ki, hətta pullu olsa belə, sabah vaxtından 1 saat öncə həmin stadion dolar, artıq içəri girməyə də yer qalmaz… Biletsiz bayırda qalan nəinki yeniyetmələr, gənclər, hətta yekəqarın, bığıburma kişilər də hasarın bu tayında inək görmüş kələlər kimi ağızları sulana-sulana, ayaqlarını yerə döyə-döyə dəlmə-deşikdən içəri baxmağa çalışacaq…

***

Marağın, nəfsin, tamahın gücü belə olur… Və bundan dünyanın və ölkələrin varidatlarının 80 faizini əllərinə toplamış transmilli və milli oliqarxlar kütlələri idarə edib istədikləri “MƏHSUL”u toplamaq üçün istifadə edirlər…

***

…İndi Qarabağın taleyini düşünənlərin, mitinqlərin torpaqlarımızın azadlığına təkan verəcəyinə tərəfdar olanları bir sual MARAQLANDIRIR: hakimiyyət bundan sonra Qarabağ mitinqlərinin böyüyərək bölgələrə, Azadlıq meydanınadək genişlənəcəyinə imkan, yaxud göstəriş verəcəkmi?..

 

http://www.moderator.az/news/242197.html

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*