Nazlı Ağayeva: Kəsilməkdə olan bizim nəslin son nağılları…

”Kino Mahmud”dan başlanan kino kimi həyat

Böyük dünya barədəki təsəvvürlərimiz ayda iki-üç dəfə kəndə kino gətirən “Kino Mahmudun”un sayəsində gerçəkləşirdi. O kəndin adamları o qədər saf idilər ki, imkan olmayanda alçaq çəpərdən görünən kinoya Mahmud dayıdan icazə almamış baxmazdılar. Mahmud dayı da onlardan geri qalmayıb lentləri daşımağa kömək edən uşaqlara pulsuz adam keçirtmək haqqı vermişdi. Əslində məktəbin laxlayan qapısından “qanuni” keçənlərin ödənişi Mahmud dayını o qədər də maraqlandırmırdı. Sadəcə adam öz işini və onu səbirsizliklə gözləyən uşaqları çox sevirdi. Evimiz məktəbin qabağında olduğundan mən bunları duya bilirdim.

Atam kinoya getməzdi. Öz “VEF” radiosu ilə hər axşam “Azadlıq”a qulaq asırdı. Qanan adamlar kimi onun dizinin dibində oturub verilişi mən də izləyərdim. Və hətta Mirzə Xəzərə atamla öz adımdan gizlincə məktublar da yazardım. Təbii ki, həmin məktublar ağır əl radiosunun mənə bağışlanan qutusundan kənara çıxmazdı. Atam evdə olmayanda yerini xəyalımda cızdığım dalğada “Azadlıq”ı tutub Mirzə Xəzəri yaddaşıma “yığardım”. Elə ki, atam gəldi, eşitdiklərimi ona danışardım. Nəvaziş göstərməyi xoşlamayan atam o gözəl anlarda bir-iki dəfə saçımı sığallayardı.

Kino gələndə atama “Azadlıq” yoldaşı olmayıb evdən getməyi özümə yaraşdırmırdım. Kinodan da keçə bilmədiyimə görə yalnız bir çarə qalırdı. Atamı kinoya aparmaq! O da kim, atam… Məndən iki dəfə böyük qardaşımın söz deyə bilmədiyi ağır adam xırda bir qızın sözüylə durub kinoya gedərdimi?

Bir gün kinoya getməyib “Azadlıq”ı dinləyən atama yaxınlşadım. Bütün diqqəti xırıltılı dalğalarda olan atam birdən məni görüb kinoya niyə getmədiyimi soruşdu. Karıxıb: “Dişim ağrıyır”, – dedim. Əslində başqa qızlar kimi onsuz gedə bilmədiyimi, kinodansa heç anlamadığm xəbərlərin vacib olduğunu deməliydim. Belə deməklə atamın mənim varlığımı duymasını istəmişdim. Amma özümü atama ifadə etməyə gücüm çatmadı. Dinməzsə ayaqlarını ovxalamağa başladım. Bir qış inəyimizi axtarmağa gedən atamın ayaqları səhərə qədər sulu qarın içində qalmışdı. Ondan sonra dizdən aşağısı həmişə soyuq olardı.

Növbəti dəfə kino gələndə atam məni məktəbin qapısına aparıb Mahmud dayıya ikimizin pulunu verdi. Lap qabaqda sevincək yer tutub kino başlayana qədər uşaqlarla oynamağa getdim. Qayıdanda “yerimizdə” başqa adamlar oturmuşdular. Qapıya yaxınlaşıb atamın harda oturduğunu soruşanda Mahmud dayı onun içəri keçmədiyini söylədi.

O axşam məktəb həyətinin qaranlıq küncündəki ağaca qısılaraq bərkdən ağladım. Hamının fikri divardakı “ekranda” olduğundan kimsə mənə fikir vermədi. İndiyə qədər bilmirəm o gecə məni o cür ağladan əsas səbəb nə idi? Atamın böyüklüyünü kəşf etməyimmi? “Azadlıq”a xəyanətimmi? İndi atamın ölüm yaşına çatanda başa düşürəm ki, səbəb nə olur-olsun, mən əsil ağlamağı elə o gecə öyrəndim.

***

O köhnə məktəbin yerində şəxsi ev tikilib. Kəndimizdə artıq kompüterləşmiş müasir məktəb var. Bizdən sonra daha kəndə kino gəlmədi. Az vaxtda çox şeylər yaşayan o saf kəndin özünü tragikomediyaya çevirdilər. Əlindən kitab düşməyən bizim romantik nəsil o kəndin son uşaqları oldu. Bizdən sonrakıların ümumiyyətlə uşaq olmağa hövsələləri çatmadı.

Elmi-texniki tərəqqinin ayaq açdığı kəndimizdə artıq hər kəs öz kanalında öz şousuna baxır. Rəhmətlik Mahmud dayıya lent daşıyan o uşaqlar böyüyüb külfət yiyəsi olublar. Meşəbəyinin, “uçastkovının” haqqını verərək min zillətlə bir loxma çörəklərini odundan, kömürdən çıxardırlar. Ölkədə açılan bir milyon doqquz yüz mindən çox iş yerinin təxminən yüzü yəqin həmin odunçulara, kömürçülərə aiddir. Müstəqil Azərbaycan kəndinə indiyə qədər qaz xətti çəkilməyib. “Təbii” iş yerlərinin itirilməməsi səbəbindən ola bilməzmi? Üstəlik yuxarılar üçün meşədə baş saxlayan yorğun toplum daha sərfəlidir.

Qalsaq da, getsək də kitabı bağlanmış, radiosu susdurulmuş, qələmi sındırılmış o kənd bizim kəndimizdir. Dekorativ ölkənin məzmunsuz boşluğunda itkin düşmüş balaca kəndlərdən başlanan çarəsiz vətən də bizimdir… Unutmayaq.

 

meydan.tv

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*