Freedom House: “Azərbaycan azad olmayan ölkədir”

Beynəlxalq Freedom House təşkilatı 2018-ci il üçün dünya ölkələrində azadlığın vəziyyəti haqqında məlumat dərc edib. Bu siyahıda Azərbaycan “azad olmayan” dövlətlər sırasında göstərilib.

Ölkədə mətbuat azadlığı da “azad olmayan” kimi qiymətləndirlib. Qafqaz bölgəsində, ancaq Gürcüstan və Ermənistan “qismən azad” ölkələr sırasına aid edilib.

Azərbaycanın quru sərhəddi olan Türkiyə, İran və Rusiya isə Azərbaycanın da aid edildiyi “azad olmayan” ölkələr sırasında yer alıb.

Məlumatda o da bildirilir ki, Azərbaycan son on ildə ən çox geriləyənlər sırasındadır. Beləki -30 ballıq göstəricidə Azərbaycan ötən ilə nisbətən iki pillə geriləyərək -17 dən -19-a enib. Lakin bu siyahıda ilk sırada Türkiyə dayanır.

Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev BBC Azərbaycancaya hesabatı şərh etmədiklərini deyib və Freedom House-u “qərəzli, qeyri-obyektiv və bəlli olmayan metodologiya ilə qiymətləndirmə aparan qurum” adlandırıb.

Beynəlxalq təşkilatın hesabatında azərbaycanlı jurnalist Əfqan Muxtarlının “Tbilisidən gürcücə danışan adamlar tərəfindən oğurlanaraq sərhəddi keçirilib gətirilməsi” barədə məlumat yer alıb.

Bildirilir ki, “Gürcüstan rəsmləri adam oğurluğunda iştiraklarından narahatlıq keçirirlər”.

Məlumatda Dağlıq Qarabağ bölgəsi əks olunmayıb. Həmin ərazilər münaqişə bölgəsi kimi ayrıca göstərilib.

Hesabatda dünya üzrə ən “azad” olan ölkələr isə Norveç, İsveç, Finlandiya, Kanada və digər əksər Avropa dövlətləri olub.

Təşkilatın yekun qiymətləndirlməsində deyilir ki, demokratiya on illərdir ən ciddi böhranla qarşılaşıb.

“2017-ci ildə azad və ədalətli seçkilərin təmin edilməsi, azlıqların hüquqları, mətbuat azadlığı və qanunun aliliyi daxil olmaqla, demokratiya prinsipləri bütün dünyada hucuma məruz qalıb”, hesabatda yazılıb.

Qiymətləndirilmiş 195 ölkədən 87-si (45%) azad, 59-u (30%) qismən azad, 49-u isə (25%) “azad olmayan” ölkələr siyahsına daxil olub.

Bundan əvvəlki illlərdəki hesabatlarda da, Azərbaycanda insan haqları məsələsində nöqsanlar vurğulansa da, Azərbaycan hakimiyyəti bu iddiaları təkzib edib.

http://www.bbc.com/azeri/azerbaijan-42701151

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*