İran: “bu üsyanı kim başlayıbsa, onu dayandıra bilməyəcək”…

1989-cu ildə Ayətüllah Xomeynini əvəz etdikdən bəri ilk dəfədir İranda “Xameneiyə ölüm!” şüarı səslənir. İranın xaricdə hərbi əməliyyatları üçün cavabdeh olan məşhur Qüds briqadasının komandanı, qəhrəman sayılan general Qasım Süleymaninin şəkilini divardan cırıb yerə tullayırlar.

 

“Suriyanı unut, bizi düşün!”, “Qəzzə və Livan uğrunda yox, İran üçün canımı verərəm!”, „Çörək, İş, Azadlıq!“ Əlamətdar şüarlardır. Prezident Ruhaninin müavini Eshaq Cahangiri xəbərdarlıq edir ki, “bu üsyanı kim başlayıbsa, onu dayandıra bilməyəcək”. Kimi nəzərdə tutur? Ruhaninin rəqiblərini. “Frankfurter Allgemeine Zeitung” adlı alman qəzetinin fikrincə, söhbət prezident seçkiləri zamanı Ruhaninin rəqibi olmuş mühafizəkar Ebrahim Rəisidən gedir.

 

Üsyanın başladığı Məşhəd şəhəri Rəisinin istehkamı sayılır. Ruhaninin tərəfdarlarının fikrincə, Məşhəd üsyanını sərt xətt tərəfdarı olan və seçki kampaniyası zamanı özünü yoxsulların müdafişçisi kimi göstərən Rəisi təşkil etmişdir. Lakin üsyan nəzarətdən çıxıb. “Frankfurter Allgemeine Zeytung” yazır ki, etirazlar daha yalnız Ruhani hökuməti ilə məhdudlaşmır, artıq bütün siyasi elitaya, mühafizəkarların nəzarətində olan ədliyyə sisteminə, İnqilab Keşikçiləri Korpusuna və onların iqtisadi imperiyalarına qarşı yönəlmişdir. Eshaq Cahangiri bəlkə də haqlıdır: “bu üsyanı kim bağlayıbsa, onu dayandıra bilməyəcək”…

 

Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*