Heykəl məhbusunun atası haqda da cinayət işi başlandı

Səbəbkar isə gənc fəal haqda 10 illik sifarişli hökmü qüvvədə saxlayan hakimdir

2016-cı il mayın 10-da Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” yazdığına görə ertəsi gün narkotiklə şərlənərək 10 il həbs cəzası alan Qiyas İbrahimovun atası haqqında da cinayət işi başlanıb. Həsən İbrahimov iyulun 13-də Ədliyyə Nazirliyinin istintaq idarəsinə çağrılıb və ona CM-nin 148 (təhqir) maddəsi ilə ittiham irəli sürülüb. Buna səbəb isə Həsən İbrahimovun Bakı Apellyasiya Məhkəməsində oğlu haqqında 10 il həbslə bağlı sifarişli hökmü qüvvədə saxlayan hakim Vüqar Məmmədova etiraz etməsi olub.

Məhkəmədə hakim Qiyasın sözünü kəsəndə atası əsəbiləşərək, gəncin haqqını tapdaladığını söyləmişdi. Eyni zamanda Vüqar Məmmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun başına gələnlərin onun da başına gəlməsini arzulamışdı.

Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədov Həsən İbrahimovun bu addımının aktlaşdırılmasını tapşırmışdı.

Üstündən bir ay keçəndən sonra məlum olur ki, Vüqar Məmmədov bir günahsız gəncin 10 il azadlıqdan məhrum edilməsinə dair hökmü qüvvədə saxlamaqla kifayətlənməyib, üstəlik, onun atasının da cinayət məsuliyyətinə cəlb olunmasına bais olub.

Qeyd edək ki, Qiyas özü də bugünlərdə saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsində işgəncələrə məruz qalıb.

 

azadliq.info

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*