Bura Azərbaycandır: Prezident fərman verir, gömrük o fərmanı tanımır…

Dövlət belə olmur… gəlin bu işin adını qoyaq…

Ah, mənim bədbəxt, talesiz, yazıq Vətənim – Azərbaycan!

Sənin indi düşdüyün halı vəsf eləmək üçün bir yox, min Sabir gələ, üstəlik o qədər də Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov… yazalar, nalə çəkələr, tüstüləri ərşə dirənə… yenə deməklə bitməz.

Sənə ana, bacı lazımdı üz-gözünü çırıb, saçını-başını yolub yeddi yaylıqla üstündə ağı desin.

Mənim başıma gələnə bax…

Prezident İlham Əliyev Balakəndə Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsinin açılışında iştirak edir, deyir dürüst olun, camaatı incitməyin.

Bu kimi gözəl sözlər…

Mən sadəlövh də həvəslənirəm.

Üstəlik günün birində ölkə rəhbəri üzünü Azərbaycan diasporuna tutub təkidlə tövsiyə edir ki, eyy, diaspor fəalları bir az da fəal olun. Bəyan edir ki, Azərbaycan disaporu maddi cəhətdən güclənməlidir, ümummili hədəflər naminə çalışmalı, erməni lobbisinə qarşı gözləmə mövqeyində deyil, hücum taktikasını seçməldir.

Prezidentimin bu çağırışları məni yerimdən edir…

Gözümə yuxu getmir, səhərə kimi fikirləşirəm, nə edim ki, həm ölkəm qazansız, həm mən qazanım, sonra da bu qazancla ictimai fəaliyyətimizi gücləndirib Avropada ermənilərin qarşısına çıxaq. Biz də onlar kimi yüksək dairələrə yetək… sözümüzü deyək, səsimizi eşitdirək…

Uzun illərdir Avropada yasayan diaspor fəalı kimi, Azərbaycanıma təmənnasız şəkildə etdiklərimi bilənlər az deyil. İnsan elədiyini dilinə gətirməsin gərək. Amma bəzən buna məcbur olursan. Tək onu deyim ki, Qarabağ savaşının ağır illərində tapılmayan dərmanların Azərbaycana, orduya çatdırılmasını və yaralı döyüşçülərimizin Polşada müalicəsini təşkil etdim. Bununla kifayətlənirəm, xalqımız və dövlətimiz üçün etdiklərimin siyahısını uzatmayacam, əslində sağ əlin verdiyini sol əl bilməməlidir…

Mən kefimdən diyarbadiyar olmamışam. Həyatın hər üzünü, hər cür maddi sıxıntısını görmüşəm. Amma gün gəldi mən də böyük biznesdə boy göstərdim. İmkanlarımı nəzərə alıb milli maraqlara söykənən onlarca layihə götür-qoy etdim və təkbaşına, öz maddi gücümlə işə başladım.

Bir cox qürbətçilər kimi, diaspor fəalı və bir iş adamı olaraq öz qulağımla eşitdiyim çağırışlara inanıb Bakı ilə, öz tarixi vətənimlə işə başladım. İnanmaya bilməzdim. Çünki yaşadığım ölkələrdə belə yüksək çağırışların arxasında qocaman dövlətlər durur və bu dövlətlər öz prezidentlərinin sözünün kəsərdən düşməməsi üçün, nüfuzunu itirməməsi üçün bütün resursları ilə çalışırlar.

Mən nə bilim ki…

Elə ilk göndərdiyim yük konteyneri Balakən gömrük məntəqəsində 3-4 gün saxlanıldıqdan sonra, məndən 1000 dollar rüsvət alaraq yükümü göndərdilər Bakıya. Bakının gömrük keçidində isə yük konteynerimi həftələrlə saxlayıb elə həmin Gömrük Komitəsi tərəfindən məndən 20 min manat rüşvət tələb etdilər.

Mən də prezidentin çağırışlarını 20 min dəfə və böyük pafosla gömrükçülərə dedim.

Onlar da bu mötəbər adı eşidib susdular, sonra maddım-maddım üzümə baxıb müdrikcə gülümsədilər…

Əcəba, mənim bilmədiyim nə vardı…

İş belə yekunlaşdı ki, Bakı şəhər Gömrük İdarəsində FHN naziri Kəmaləddin Heydərovun adamı olduğu deyilən və “İbo” ayaması ilə tanınan Nehrəmli İbrahim 19500 manatdan bir qəpik də olsun geri çəkilməyəcəyini söylədi. Bir daha mənimlə danışmağa vaxtı olmadığını da əlavə etdi.

Bu hikkədən sonra daha ona prezidentin sözlərini təkrar etməyə, gözəl sitatlar gətirməyə yer qalmamışdı.

Mənzərə fövqəladə idi. Deməyin görməmisiz, yaşı az olmasına baxmayaraq, eni ilə boyu bir olan İbo adlı bu əcaib vücud elə oradaca, işgüzarca və çəkinmədən açıq şəkildə rüşvət toplayırdı. Kabinentinin önündə müntəzir dayanmış qara eynəkli və qara geyimlilər isə həmin pulu naməlum istiqamətə qaçırırdılar. Özü də elə tələm-tələsik qaçırırdılar ki, sanki bir an yubansalar… xalqımız demişkən, atalarını yandırarlar.

Avropadan gələn bir xam üçün mənzərə ecazkar idi… Hardasan böyük Sabir, hardasan Mirzə… heyif, sizin kimi deyə bilmirəm mən… mənim ümidim mənzərənin qorxunc rənglərini təsvir edə billən oxucunun fantaziyasına qalıb…

Bakı Gömrük İdarəsinin “Korrupsiya İdarəsi” ilə yan- yana olduğunu nəzərə alıb dediklərimdən demədiklərimi də təsvir edin… oxucu fantaziyasına…

Adamın üstündə Allah var, pisini deyirsənsə yaxşısını da de. Düşdüyüm bu vəziyyəti bilən gömrük rəsmisi Vüsal Novruzov məni dinləyib kömək etdi, bəzi göstərişlər verdi. Nəticədə, tələb olunan qanuni 2800 dollar rəsmi rüsumu kassaya keçirdim. Amma yenə də həftəsonu olduğunu bəhanə edib məndən 1000 manat rüşvət qopartdılar.

Verdim, neyləyim, bir daha Vüsal Novruzovun, o abırlı adamın otağına girməyə üzüm gəlmədi…

Bu səfər belə keçdi. Artıq…

Acı təcrübələrim vardı, bundan sonra bir daha Bakıya mal vurmağa tobalatma elədim. Lakin yenidən bildirdilər ki, ölkə rəhbəri diaspor biznesmenlərinin maddi cəhətdən güclənməsində ciddi şəkildə maraqlıdır. Onlara yeni çağırışlar etmişdir.

Yenə yuxum ərşə çəkildi. Ölkədə bu qədər işsiz-gücsüz qohum-qardaş var, qaçqın-köçkün qohum-əqrəba var, bəlkə mən də birilərinin dərdinə dərman olaram, iş yeri açaram, çalışarlar, qazanarlar, ailə-uşaq dolandırarlar… dövlətə vergi verərlər… vergi çox olar, pensiyalar artar…

Bu dəfə… heç kimi qınamıram… günah özümdə oldu, əhdimi pozdum…

Ərinmədim, yenidən bir biznes növü tapıb mal vurdum. Yəni Bakıya az işlənmiş yüksək markalı maşın təkərləri gətirdim. Bu dəfə yük konteynerimin hər birindən 15 min manat olmaqla rüşvəti məcburən aldılar. Yəni iki maşın yük üçün toplam 30 min manat. Təsəvvur edin ki, 1 manat belə dövlət rüsumu tələb etmədən, mən də ödəmədən o boyda malla dövlət sərhəddindən, gömrükdən keçib Bakıya girdim.

Gözüm dörd olmuşdu. Dilxor idim. Qəlbim bu vəziyyətlə barışa bilmirdi. Axı bu nə rüsvayçılıqdı, bu quldurlar kimdilər, bu dövlət haradadır, bu prezidentin çağırışları nə deməkdir…

Bu, bir mən… indi görün, belə konteynerlərdən Azərbaycana gündə neçəsi daxil olur. Bu masştabda talana heç bir büdcə davam gətirə bilməz, heç bir dövlət bu miqyaslı arxadan zərbəyə dayana bilməz…

Son dəfə Bakıya göndərdiyim donmuş tərəvəz və toyuq ətini isə əməlli başlı müsadirə etdilər. Yalnız insafa gəlib fakturada yazılmış pulu mənə verib bildirdilər ki, bir də belə hərəkətlər eləmə. Yəni; ağıllı ol, get, bir də bu tərəflərə üzükmə…

Getdim… biryolluq getməli oldum…

Əziz dostlar! Ey Azərbaycanın gələcəyindən narahat olan insanlar!

Mənə dəymiş bu zərərə görə cavabdeh kimdir? Siz bilərsiniz, hansı idarəyə üz tutmalıyam? Hansı qapını döyməliyəm? Azərbaycan dövləti haradadır? Təkərlər üçün verdiyim 30 min manatı aldılar və dedilər ki, bu sahə Kəmaləddin Heydərovun xüsusi nəzarətindədir.

Bir dövlətdə bir adam bir sahəyə nəzarət edirsə, demək orada artıq dövlət yoxdur.

Bir dövlətdə bir adam onlarla belə sahəyə nəzarət edirsə o məkanın adı nə ola bilər, sizcə…

Gəlin bu işin adını qoyaq… biz sözə inanan, prezident sözünə hörmət edən adamlarıq, bizi al dillə yollara salıb niyə rəzil edirsiniz. Belə olmaz axı… idarəetmə belə olmur axı… soydaşa, vətəndaşa dövlətin münasibəti belə ola bilməz axı…

Allah sizlərə rəhmət eləsin, ey böyük ədiblər, əslində mən vətənimin gömrüyündə çəkdiklərimi qələmə ala bilmədim, Ustad Sabir demişkən, gördüklərimin heç onda birini yaza bilmədim, Azərbaycana sizlərin qələmi bu gün nə qədər lazım imiş…

Amma yenə pis-yaxşı bu yazını yazdım ki, bu vətənin sinəsinə çəkilən dağlar, başına açılan müsibətlər bir vərəqin bir küncündə tarixə düşsün.

Əlimdən gələn bu oldu…
Elman Mustafazadə
Avropada “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri

Xudaferin.eu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*