Avropada miqrant düşərgələrində qırılan həyatlar – şok statistika, tükürpədən hekayələr

İntihar edənlər, öldürülən və həyat şərtlərinə məğlub olub həyatını itirənlər…
Son aylar Azərbaycan da daxil olmaqla, Avropa ölkələrinə mühacirət edənlərin sayında kəskin artım var. Yaşadığı ölkədə problemlərin, təzyiqlərin əlindən zinhara gəlmiş insanlara qarşı isə hətta Avropada belə olsa ciddi təzyiqlər baş verir. Bunlar bir çox hallarda psixoloji, amma eyni zamanda fiziki təzyiqlər olur.

 

“Yeni Müsavat” “Oxfam” humanitar təşkilatının yaydığı son hesabatdan çıxış edərək, Avropa ölkələrində miqrantların başına gələn təzyiqlər barədə yazı hazırlayıb. Bu yazıda miqrant dalğasının başlandığı illərdən bu günə qədər onların yaşadığı faciə xarakterli olaylar, detallar ümumiləşdirilib. Öncə hesabatdakı bəzi məqamlar barədə.
Avropa ölkələrinə sığınacaq ümidi ilə üz tutmuş qaçqın və miqrantları döyür, soyundurur, hər şeylərini əllərindən alır, hətta elektroşok da verirlərmiş. Özü də elə həmin Avropa ölkələrinin sərhədində. Bunu «Oxfam» humanitar təşkilatı ötən həftəsonu açıqladığı hesabatında bildirir. Qurum iddia edir ki, sonucda qaçqın və miqrantlar insan qaçaqçılarının əlinə keçir. Ən pis rəftar halları isə Serbiya və Makedoniyada baş verib. Uşaqlar da olan bir qrupu gecənin şaxtasında Bolqarıstan sərhədində saxlayıblar. Sonra da onlara deyiblər ki, Serbiyadakı qaçqın mərkəzinə aparılırlar.

Image result for Avrupadakı göçmenler
«Oxfam» tədqiqatçıları miqrantlardan eşidiblər ki, xorvat polisi onları lüt soyunmağa və Serbiya sərhədi boyunca geri qayıtmağa məcbur edib. Bir dəstə sərhədçi isə onların dalınca gedərək dəyənəklə döyüb. Bəzilərinin üstünə it buraxıblar.
İddialara görə, Macarıstan rəsmiləri miqrantları soyunmağa və qarın üstündə oturmağa məcbur edib, üstlərinə su töküb. Bolqarıstan polisi isə miqrantların üstündə axtarış aparmaqda, hər şeylərini, hətta ayaqqabılarını belə almaqda, sonra onları sərhəddən qaytarmaqda suçlanır.
Hesabatda vurğulanır ki, Qərbi Balkan ölkələri marşrutu boyunca qaçqın və miqrantlarla “əndişə yaradan” pis davranış aşkarlanıb. Bu iddialar daha çox Serbiya, Macarıstan, Xorvatiya, Bolqarıstan və Makedoniya sərhədçilərinə qarşı səslənir.
8.759 nəfərlik qəbul potensialı olan düşərgələrə 12.963 nəfər yerləşdirilib.
Amma bu, yeganə fakt deyil. Birləşmiş Millətlər Təşkilatı Miqrant Yüksək Komissarlığının təqdim etdiyi rəqəmlərə görə, qaçqın və köçkünlərin daha çox yaşadığı beş adada yerləşən rəsmi, eləcə də qeyri-rəsmi qəbul mərkəzlərindəki qəbul potensialı 8.759-a bərabərdir. Amma bu adalardakı qaçqın və köçkünlərin sayı 12.963 nəfərdir. Yəni rəsmən xidmət verə biləcəkləri potensialdan iki dəfə artıq qaçqını saxlayan bu düşərgələr əsasən Suriya, İraq və Əfqanıstan kimi müharibə bölgələrindən qrup halında köç edən insanların problemlərinin öhdəsindən gələ bilmir. İnsan Haqları İzləmə Təşkilatı da apardığı araşdırmalar nəticəsində müəyyən edib ki, Yunanıstandakı bəzi qaçqın düşərgələri insani standartlardan uzaqdır.
Miqrantın göz yaşları: “Artıq həyatım mənim əlimdə deyil”
Əfqanıstandan gələn 23 yaşlı Rza 2016-cı ilin mart ayında Midilliyə gəlib. Bu, Avropa Birliyi ilə Türkiyə arasındakı anlaşmanın qüvvəyə minməsindən dərhal sonra baş verib. O, 2017-ci ilin fevral ayında insan haqları müdafiəçiləri ilə görüşü zamanı adadakı şərtlər və gələcəyinin qeyri-müəyyənliyinə görə mənəvi zərər gördüyünü deyib: “Adaya 2016-cı ilin 21 martında gəldim. Təxminən bir ildir ki, buradayam. Adanı tərk edə bilmək üçün nə qanuni bir sənədim var, nə də bir qaçaqçıya verə biləcək pulum. Özümü bir heç kimi hiss edirəm və artıq həyatımın idarəsinin məndə olmadığını düşünürəm. Adadan çıxa bilmirəm və bu qədər zaman burada qaldıqdan sonra artıq heç bir şeyin məqsədi olmadığını hiss edirəm. Səbəbsiz yerə ”dəli kimi” dolanıb durursan”.

Related image
“Burada insan özünü böyük həbsxanada hiss edir”
Bu ilin yanvar ayındakı kəskin qar və yağış, eləcə də sərt külək qaçqınların yaşadığı adalarda da vəziyyəti pisləşdirdi. Əfqanıstandan Midilliyə gələn 23 yaşındakı Mazar Ali fevral ayında onunla aparılan söhbətdə aşağıdakıları deyib: “Çadırımız bayırda, qarın altında olduğu üçün dağıldı. Yeni bir çadır almaq üçün Euroreliefə (çadırlardan cavabdeh bir yardım təşkilatı) getdik. Amma bizə ancaq 3 gün sonra yeni çadır veriləcəyi bildirildi. Bu səbəbdən də açıq havada 3 gün 3 gecə keçirdik. Adadan getməyimizə icazə verilmir. Burada insan özünü böyük bir həbsxanadakı kimi hiss edir. Tez-tez məndə belə bir hiss yaranır ki, azad şəkildə nəfəs ala bilmirəm. Bu hiss hər keçən gün daha da ağırlaşır”.
Midilliyə sentyabr ayında gələn 43 yaşlı iraq kürdü Dilşad isə başına gələnlər barədə bunu danışıb: “Mənə dedilər ki, Euroreliefə gedib, ordan bir çadır alım və yerə qurum. Mən də elə etdim. Həmin vaxtdan bəri yay fəsli üçün nəzərdə tutulmuş bir çadırda yaşayıram. Həyat şərtləri heç də yaxşı deyil. Yemək isə bizə çatmır. Sonuncu dəfə nə vaxt doyduğumu xatırlamıram”.

Image result for Avrupadakı göçmenler
Midillidə 24-30 yanvar tarixlərində, yəni 6 gün ərzində üç nəfər kişi ölüb. Ölüm səbəbləri ilə bağlı rəsmi bir açıqlama olmasa da, buz kimi çadırlarını isitmək üçün istifadə etdikləri köhnə sobalardan çıxan karbonmonoksitdən zəhərləndikləri güman edilir. Məsələn, 2016-cı ilin sonlarında Moriada böyük ehtimalla qaz balonundan qaynaqlanan partlamaya görə yaşlı bir kürd qadın və balaca nəvəsi həyatını itirib.
Dilşadın hekayəsinə davam. O, Midillidəki kəskin qar zamanı yaşadığı problemlər barədə aşağıdakıları deyib: “Qar ucbatından çadırım çökürdü. Çox çətin idi və gerçəkdən çox, amma çox soyuqdur. Hətta bir dəfə kampda bir qadın və bir uşaq öldü. Artıq təhlükədə olmayacağım bir yerdə olmaq istəyirəm. Burada qorxuram”.
Rəyi soruşulan qaçqın və miqranların hamısı mövcud yaşamlarının onlara mənasız gəldiyini deyiblər. Qorxu içində və pessimist olduqlarından danışıblar. Bəziləri isə hətta intiharı düşündüklərini gizlətməyiblər. Sonuncuya əl atmaq istəyənlər isə qaçqın düşərgələrində fiziki və mənəvi travma yaşadıqlarından şikayətlənib. Onlar təhlükəsiz həyat təminatlarının olmadığını bildiriblər.

Related image
“Bu düşərgədə yaşadıqlarım mənə İrandakı həbsxanaları xatırladır”
Daha bir hekayə İrandan gələn 30 yaşındakı Arasla bağlıdır. O da Almaniyadakı düşərgələrdən birində qalır. Onun yaşadıqları da olduqca ağırdır: “Burada çox acı çəkirəm. Çünki qürurumu itirmişəm. Üç dəfə intihara cəhd etdim. Buranın şərtləri mənə İrandakı həbsxananı, kabus və işgəncəni xatırladır. Bu durum məni son dərəcə çarəsiz bir hala salır. Tibbi arayışlar sübut edir ki, bura mənə uyğun bir yer deyil. Amma səlahiyyətli şəxslər üçün bu arayışların heç bir əhəmiyyəti yoxdur. Daha sonra məni və qardaşımı çadırdan konteynerə köçürdülər. Altı aydır ki, kiçik bir yay çadırında yaşayırdım, indi vəziyyət nisbətən düzəlib”.
Araş deyib ki, “Doctors of the World’ün (”Dünya Həkimləri”) həyata keçirdiyi sağlamlıq müayinəsi nəticəsində durumunun kritik olması üzə çıxsa da, onun xüsusi olaraq müalicə olunmasına imkan verilməyib: “Onlara bildirdim ki, mən zamanında siyasi məhbus olmuşam, işgəncələr görmüşəm və 3 dəfə barəmdə saxta hökmlər verilib. Məndən soruşdular ki, əgər bunlar baş veribsə, səni niyə öldürməyiblər. İzah etdim ki, onlar öldürməkdənsə, bu cür işgəncə üsuluna baş vururlar. Yaşadığım bütün fiziki və psixoloji problemləri danışsam da, kağızımıza ”yox” yazıb, qaçqın statusu vermədilər”.
Miqrantı deportasiya etmək istəyiblər, özünü yandırıb
Heç kim düşünməsin ki, bu qədər çətinliklərin arasından keçən miqrantlar sakit şəkildə həyatın axarını gözləyirlər. Onların bəziləri yaşadıqları çətinliklərə dözə bilməyib intihar edirlər. Ötən il Yunanıstanın Saqqız adasında deportasiya ediləcəyini öyrənən suriyalı miqrant üstünə benzin tökərək özünü yandırıb. 29 yaşlı miqrantın bədəninin 88 faizi yanıb. Baş vermiş hadisə nəticəsində daha 2 nəfər polis də yaralanıb.
Statistikaya görə, Almaniya miqrantlara qarşı şiddətin ən çox olduğu ölkələr sırasındadır. Belə ki, bu ölkədə gün ərzində miqrantlara qarşı 10 hücum baş verir. 2016-cı il ərzində miqrantlara yönəlmiş 3 min 533 hücum olub. Bundan başqa, yardım təşkilatları işçilərinə qarşı da 217 hücum olub.
Federal İşlər Nazirliyinin rəsmi məlumatlarına görə, ötən il 2 min 545 hücum birbaşa olaraq miqrantları hədəf alıb. 988 hücum isə onların saxlandığı düşərgələrə qarşı olub. 2015-ci ildə isə miqrant düşərgələrinə yönəlik 1031 hücum olub. 2016-cı ildəki hücumlarda 43-ü uşaq olmaq üzrə, ümumən 560 miqrantın yaralandığı qeydə alınıb.
Sonda… Avropaya açılan qapılar heç də hər zaman təhlükəsiz həyat vəd etmir. Travmalar, fiziki və ruhi sağlamlığın təhlükə altında olması, çətinliklər, intiharlar, sui-qəsdlər… Hekayələr tükürpədicidir. Və təkcə yuxarıda yazdıqlarımızdan ibarət deyil…

 
Sevinc TELMANQIZI

 

http://musavat.com/news/avropada-miqrant-dusergelerinde-qirilan-heyatlar-sok-statistika-tukurpeden-hekayeler_429470.html

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*