Pulunuz batır! Azərbaycanın bank sektoru çökmə ərəfəsində

Problemli kreditlər və dollar oyunu ölkə iqtisadiyyatını da məhv edə bilər; ekspertlər həyəcan təbili çalır…

 

 
Bankların kredit probleminin həll ediləcəyi artıq mümkünsüz işə çevrilməkdədir. Birinci devalvasiyanın ikinci “ildönümü” yaxınlaşsa da, hələ də dollar kreditləri ilə bağlı problem həll olunmayıb. Üstəlik, problemin həlli istiqamətində hansısa normal addımın atıldığı da görünmür. Problemin həlli rəsmilərin müəyyən açıqlamalarından irəli getməyib. Nəticədə ölkədə təkcə dollar kreditlərinin deyil, ümumilikdə kreditlərin geri qaytarılmasında ciddi problem yaranıb. 
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a bildirib ki, artıq ölkənin ödəniş sistemi iflic olub, heç kim ödəniş etmir: “Hamı gözləyir ki, devalvasiya olacaq. Sahibkarlar da fəaliyyətlə məşğul ola bilmirlər. Ona görə ki, onlar öz mallarını ucuz manata satmaq istəmirlər. Qiyməti dollara bağlamaq isə qanunsuzdur. Buna görə belə iflic vəziyyət yaranıb. Növbəti kəskin devalvasiyalar isə ölkədə kütləvi qiymət artımına aparacaq. Çünki biz ən sadə malları belə idxal edirik, xaricdən dollarla alınır. Valyutamızın dəyərdən düşməsi məhz ona gətirəcək ki, ölkədə bütün qiymətlər qalxacaq. Bu baxımdan, ürəkaçan bir vəziyyət deyil”.
Ekspertin sözlərinə görə, ötən il ölkənin bank sistemi faktiki olaraq çöküb: “11 bank bağlanıb. Qalanlarının da vəziyyəti çox pisdir. Bu il azı 10  bank da bağlanacaq. Əmanətlərin banklardan çıxarılması prosesi güclənəcək. Faktiki olaraq pul kütləsi xeyli azalacaq. Bankların problemli kreditləri, dollar kreditləri ilə bağlı məsələ dolların bahalaşması fonunda daha da gərginləşəcək. Bu il bank-borclu münasibətləri daha da şiddətlənəcək. Əhalinin əlindən əmlakının alınması artacaq. Hökumət isə mövcud qanunvericiliyi dəyişdirməyə hazırlaşır. İqtisadiyyatla bağlı ”yol xəritələri”ndə bu göstərilib. Borcluların əlindən əmlakının alınması, icra proseslərinin, girovların satılmasının tezləşdirilməsi kimi məsələlər var. Bunlar borc verənin hüquqlarını müdafiə mexanizmi olacaq. Əgər istehlakçının ödəmə qabiliyyəti yoxdursa, özünü müflis elan edə biləcəkmi? Yəni bununla bağlı bir çox suallar yaranır. Amma hələlik belə görünür ki, bu il bu problem daha da ağırlaşacaq. Sahibkarların banklara borcları var. Sahibkarlara dair də belə tədbir görülməsə, onlara öz borclarını uyğun şərtlərlə qaytarmaq üçün şərait yaradılmasa, onlar borclarını qaytarmayacaqlar. Bu da bütövlükdə bank sisteminə böyük zərbə vuracaq”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*