Mirzə Xəzər: Nizami türk ordusu Suriyada DAEŞ-İslam Dövləti ilə bacara bilmir?

 

Türkiyə Amerikanı kənara sıxışdırıb İran və Rusiya ilə birlikdə Suriyada atəşkəsə nail olmaq istəyir, lakin bu niyyətin uğurlu olacağına görünür Ankaradan başqa heç kim inanmır. Prezident Ərdoğanın Vaşinqtonu DAEŞ (İslam Dövləti) terrorçularına himayədarlıq etməkdə ittiham etməsi isə türk vətəndaşlarına hədəflənmiş populist bəyanatdan başqa bir şey deyildir. Ərdoğanın bu bəyanatı indi səsləndirməsi təsadüfi deyildir. Əl Baba nizami türk qoşunlarını toplayıb İslam Dövlətini bu şəhərdən çıxartmağa çalışan Türkiyə Amerikadan havadan kömək istəmiş, lakin Pentaqon buna rədd cavabı vermişdir. Görünür türk prezidentini bu cavab qəzəbləndirmişdir.

Bəs tank, artileriya və reaktiv mərmilərlə silahlanmış nizami türk ordusunun əlavə olaraq 600 xüsusi təlim keçmiş “kommandos”la Suriyanın Türkiyə ilə sərhəddin 20 kilometrliyində yerləşən Əl Bab şəhərini ələ keçirtmək üçün həfətələrdən bəridir apardığı döyüş əməliyyatlarında heç bir tərəqqi əldə edə bilməmişdir. Prezident Ərdoğan son bəyanatında iddia edir ki, Əl Bab artıq büsbütün mühasirəyə alınıb.  Lakin İsrailin “debkafile” saytı yazır ki,  “İslam Dövləti” döyüşçüləri təslim olmaq və ya geri çəkilmək əvəzinə, kiçik dəstələrlə qəflətən hücum edən qüvvələrə zərbə endirir və hətta bir çox halda türk əsgərlərini pusquya salır, türklərin və onların müttəfiqi olan “Azad Suriya Ordusu”nun arxasına keçib təsirli zərbə endirirlər. Rakka və digər nöqtələrdən Əl Baba əlavə döyüşçü və sursat yollarını ələ keçirmədən, dağıtmadan bu şəhəri ələ keçirtmək mümkün deyildir. Əl Bab İslam Dövlətinin baş qərargahı Rakkadan 140, cənub-şərqdəki istinadgahı Palmiradan 33o kilometr məsafədədir.  ABŞ təyyarələri bütün səylərinə rəğmən bu yolları bağlamağa qadir olmayıb. Qeyd edək ki, Əl Bab bundan qabaq birgə rus-İran-Suriya qoşunları tərəfindən alınmış, lakin İslam Dövləti bu üstün qüvvəni şəhərdən vurub çıxara bilmişdir.

Əl Bab döyüşlərində türk ordusunun verdiyi itgi barədə dəqiq məlumat verilmir. Qeyri-rəsmi məlumata görə indiyədək 90 türk əsgəri həlak olmuş, bir neçə yüz əsgər yaralanmışdır. Türk qoşunlarının müttəfiqi “Azad Suriya Ordusu”nun itgiləri isə şübhəsiz bundan bir neçə dəfə çoxdur.

Eyni mənbələrə görə, İraqın Mosul şəhərini İslam Dövlətindən azad etmək üçün həftələrdən bəri aparılan döyüşlər dayanmışdır. İraqın baş naziri İbadi uğursuzluğu gizlətmək üçün öz vətəndaşlarına bildirib ki, Mosulu azad etmək üçün üç ay vaxt lazımdır. Əslində isə İraq ordusu Mosulda bütün tərkibinin yarısını itirmişdir. Bu iddia tamamilə əsassızdır. Suriya və İraqda ABŞ silahlı qüvvələrinin komandanı general Stiven Tounzend isə demişdir ki, İslam Dövlətini Mosuldan çıxartmaq üçün iki il vaxt lazımdır.

Mirzə Xəzər

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*