Məlahət Ağacan Rübabə: Alnınıza “Biz Azərbaycanı məhv etdik!” döymə edəcəklər…

Azərbaycana rəhbərlik edənlərin gördüyü işlərə baxanda yadıma bir uşaqlıq xatirəsi düşür: məhəllədə toy olacaqdı, kəndin elektriki Andrey adlı bir rus idi. Andrey toy mağarına işıq çəkdi, səsgücləndiriciləri qoşdu və sonra getdi yeyib-içməyə. Toyun qızğın yerində, gəlinin tərif edildiyi vaxt birdən işıqlar kəsildi, bütün kənd qaranlığa qərq oldu. Toyxananı şam, lampa ilə işıqlandırdılar. Mikrofonu əlində taxtaya dönən müğənni ətrafdakılardan soruşdu ki, işıqları kim söndürdü? Dedilər, Andrey. O da dərindən bir ah çəkərək, “axır Andreyin əlində qaldıq…” dedi və birtəhər toyu yekunlaşdırdı.

 

İndi o müğənninin sözünə qüvvət: hal-hazırda Azərbaycan xalqı andreylərin əlində qalıb. Ölkəni idarə edən andreylər bütün sərvətləri mənimsədilər, partlayana kimi yeyib-içdilər, indi də deyirlər qənaət edin, yoxsa kefimiz istəyən vaxt sizi qaranlıqda, soyuqda qoyarıq …

 

Ölkəni faciələr diyarına çevirib yumşaq kresloda kef edənlər deyəsən yavaş-yavaş anlayırlar ki, “yoxsulluq” sunamisi onları da mələdəcək. Bu səbəbdən Milli Məclis üzvləri gərgin iş rejiminə keçiblər, hər iclasda “ necə qənaət etməli?” adlı müsabiqə keçirdirlər. Birinci müsabiqədə “camaat, ayağınızı yorğanınıza görə uzadın” deyən deputat qalib olub və deputatların hər biri qalibə bir yorğan bağışlayıblar. Ondan sonrakı iclasda “başınızı yastığınıza görə qaldırın” deyən deputatı alqışlarla 124 yastıqla dincəlmək üçün beşmərtəbəli villasına yola salıblar. Daima su “qrelka”sı ilə gəzən yaşlı deputatın isə çənəsi əsdiyi üçün fikrini başa düşən olmayıb, amma inadkar qoca müsabiqəyə ideyasını yazılı şəkildə təqdim edib: ” Yatanda boş “kola” butulkalarını qaynar su ilə doldurun, yığın yorğanın altına, elə biləcəksiniz altınızda kombi var”. Başında hamam dəsmalı ilə iclasa gələn deputat “ çiməndə əvvəlcə sabunlanın, sonra suyu açın” öyüd-nəsihətinə görə 124 qutu sabuna layiq görülüb. Bir xanım deputat isə Qubad İbadoğlunun öyüd-nəsihətini oğurlayıb atıb məclisin qazanına: ” mobil telefonları və digər elektrik cihazlarını doldurarkən onları uzun müddət ştepseldən asılı vəziyyətdə buraxmayın, əlinizə bir kəfgir alın, dayanın elektrik cihazınızın başı üstündə, dolan kimi tez kəfini yığın, daşmasın”. İndi münsiflər heyəti bilmir qalibə mobil telefon hədiyyə etsin, yoxsa qazan və kəfgir. Toya, üzr istəyirəm, müsabiqəyə şuluqluq salmaq istəyən bir sərxoş deputat isə düyməni basmaq yerinə monitora kəllə vurub və masanın üstünə çıxaraq qışqırıb :”Qənaət etməyi bacarmayanlar cəmiyyətin “otxodları”dır. Hər yerdə belə tör-töküntülər var”…

 

Açığınecə qənaət etməli?” müsabiqəsinin sonu görünmür, uçurumun kənarında olan ölkənin xilas olması üçün ancaq bir yol var: yüksək vəzifəli məmurlar bahalı kino şirkətləri ilə təcili müqavilə bağlasınlar. Mənfi rollarda maskasız, qrimsiz oynamaq üçün hər sifətdə məmurumuz var. Məsələn, Hacıbala Abutalıbov evləri yerlə-yeksan edən, ağacları kökündən çıxaran Cinbala, Əhəd Abiyev dağları yumruğu ilə toz edən Əjdaha, Tağı Əhmədov yerin altından çıxan milyonçu Dev, Rövnəq Abdullayev Xəzər neftini yox edən sehrbaz kimi xalqın yaddaşına əbədi yazılıblar…

Hər gün damara vicdansızlıq yeridən, özünü dəli oğlanlığa qoyan hakimiyyətdə az da olsa vicdan, ağıl olsaydı xalqın dəyərli, qeyrətli övladlarını azad edib, onlar haqqında tarixi filmlər çəkməyə qərar verərdi.

Onsuz da hamı onlara qəhrəman kimi baxır. Balaca oğlum Qiyas və Bayrama Azərbaycanın Betmen və Supermeni deyir, şəkillərindən müxtəlif kolajlar düzəldir.

Bəli, onlar əsl qəhrəmandırlar! İndi bizim üçün İlham Əliyevin əli ilə 10 illik cəza alan Qiyas İbrahimov dərisi soyulan Nəsimi, Bayram Məmmədov isə qolları, ayaqları kəsilən Babəkdir.

Acgöz və görməmişlər, unutmayın, sevimli heykəlnizə “Qul bayramınız mübarək!” yazanlar oldusa, bir gün alnınıza “ Biz Azərbaycanı məhv etdik!” döymə edənlər də olacaq…

 

Məlahət Ağacan Rübabə

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*