Mirzə Xəzərin şərhi: Samir Şərifovun yoxsullara “müjdəsi”

samir-sharif“Beynəlxalq Bank” qalmaqalında adı keçən, amma salamat qalan maliyyə naziri Samir Şərifov Milli Məclisdən əhalinin yoxsul təbəqələrinə təsəlli verib ki, prezident İlham Əliyevin tapşırığı ilə elektrik enerjisi və təbii qazın bahalaşmasından büdcəyə daxil olan gəlirlərin əhəmiyyətli hissəsi əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinə yönəldiləcək.” Nağıldır? Bəli, nağıldır. Niyə? Xırdalayaq. Samir Şərifovun Milli Məclisdə uçurtduğu “müjdə”dən belə çıxır ki, aztəminatlı vətəndaşların sosial müdafiəsi üçün dövlət büdcəsində kiyafət qədər pul yoxdur. Aztəminatlı vətəndaşların sosial təminatına maliyyə vəsaiti əldə etmək üçün ağıllı hökumət təbii qaz və elektrikin qiymətini kəskin yüksəldərək bu aztəminatlı vətəndaşlardan da əlavə gəlir əldə edəcək və bu əlavə gəlirin hamısı yox, “əhəmiyyətli hissəsi” aztəminatlı ailələrin sosial təminatına xərclənəcək. Sadə dildə bu o deməkdir ki, hökumət aztəminatlı vətəndaşların pulu ilə aztəminatlı vətəndaşların sosial təminatını təmin edəcəkdir! Bəs əgər aztəminatlı vətəndaşdan əlavə gəlir əldə edib, bu gəliri təzədən özü də minnət qoyaraq aztəminatlı vətəndaşa qaytaracaqsansa, onda qaz və elektrikin qiymətini artırmaq niyə lazım idi, ay ağıllı hökumət?

Ağıllı? Belə total korrupsiya şəraitində ağıl? Siz Allah, güldürməyin!

 

Mirzə Xəzər

P.S. Bəs Samir Şərifov “Beynəlxalq Bank” işi üzrə prokurorluqda nə vaxt ifadə verəcək? “Müjdə”dən sonra?:)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*