Mirzə Xəzər: İlham Əliyev Obama hökumətindən Donald Trampa şikayət etdi

corc-ilham

Donald Trampın seçkidə qələbəsi rəsmi Bakı tərəfindən sevinclə qarşılanmışdır. Prezident Əliyev administrasiyası Donald Trampa böyük ümidlər bəslədiyini gizlətmir. Xarici siyasət şöbəsinin müdiri Novruz Məmmədov APA-ya müsahibəsində Azərbaycanın ABŞ-da respublikaçı administrasiyalarla daha yaxşı əlaqələr qurduğunu və qarşılıqlı anlaşmanın daha yüksək səviyyədə olduğunu qeyd etmişdir. İlham Əliyevin də Donald Trampa göndərdiyi təbrik məktubunda „respublikaçılarla münasibətlərin həmişə yaxşı olduğu“ xüsusilə qeyd edilir.

Məlumdur ki, 2003-cü ildə hakimiyyətin İlham Əliyevə təslim edilməsində məhz o zamankı respublikaçı prezident Corc Buş həlledici rol oynamışdır. Məsələn, 2003-cü ilin avqust ayında İlham Əliyev hələ baş nazir vəzifəsində olarkən Corc Buşun ona təbrik məktubu göndərməsi və (Azərbaycanda prezident seçkilərindən iki ay əvvəl )onunla gələcəkdə əməkdaşlıq edəcəyini bildirməsi yaddaşdan silinməyib. Novruz Məmmədov və İlham Əliyev hər halda bunu nəzərə alaraq nikbinliyini gizlətmirlər.

İlham Əliyevin Donald Trampa məktubunda Obama hökumətini və xüsusilə dövlət katibi Con Kerrini tənqid atəşinə tutması diqqətədəyərdir. İlham Əliyevin məktubundan: sitat

„…respublikaçılarla münasibətlər həmişə yaxşı olur. Mənfi cəhət isə odur ki, indiki administrasiyanın dövlət katibi bir qədər əvvəl Amerikanın həmsədr kimi mövqeyini ifadə edən normal bəyanat vermədi. Bu, bir insan kimi onun 1990-cı ildəki mövqeyində qaldığını göstərir və çox pisdir. Qarabağ məsələsi ilə bağlı dövlət katibinin mövqeyi mənfi, məkrli mövqe oldu.“ Prezident haqlıdır. Lakin unutmamaq lazımdır ki, Corc Buş hökuməti Azərbaycanda hakimiyyət məsələsində Heydər Əliyevin mirasına hörmətlə yanaşdısa da, Qarabağ məsələsində Azərbaycanın xeyrinə qəti addım atmadı və bəyanat verməklə kifayətləndi. Donald Trampın Qarabağ məsələsində bitərəf siyasət yeridəcəyini söyləsək, səhv etmərik.

Bəs Donald Trampın Əliyev hakimiyyəti ilə münasibəti necə ola bilər? Zaman göstərəcək, amma təxmin irəli sürmək mümkündür. Qarabağ məsələsində İlham Əliyevin ümidləri doğrulmasa da, məhz Əliyev hakimiyyəti ilə münasibətlərdə “qarşılıqlı anlaşmanın yüksək səviyyədə olacağını” istisna etmək olmaz. Novruz Məmmədov ilə prezident Əliyevin sevincinin səbəbi budur.

Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*