Mirzə Xəzər: Cəlladın sonu: Akif Çovdarov – hakimiyyətin təhkimli, qurbanlıq qoyunu

covdarov

1920-ci illərdə sovet hakimiyyəti naminə öz həmvətənlərinə divan tutan, gülləbaran edən „inqilabçı“lar 1930-cu illərdə eyni hakimiyyət tərəfindən divara düzülüb güllələndilər, Sibirə sürgün edildilər. Sovet hakimiyyəti çöküb, amma ənənə bu gün davam edir.

1990-cı illərdə hakimiyyətə arxa durub həmvətənlərini zindanlara, lagerlərə göndərənlər, meydanlarda dəyənəklə döyənlər, pusanlar, satanlar, onlara zülm edənlər, işgəncə verən təhkimli məmurlar, sonralar elə bu hakimiyyət tərəfindən tutulub məhbus etdikləri zavallıların  yanına göndərildi.

Ənənə davam edir. Təhlükəsizlik Nazirliyinin general-mayor Akif Çovdarov noyabrın 10-da məhkəmədə verdiyi ifadəsində ənənənin mötəbər olduğunu təsdiq etmişdir.

Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç keçmiş MTN əməkdaşının məhkəmə prosesi davam etdirilib. „Virtualaz“ın məlumatından:

„Ara-sıra həkim tərəfindən qan təzyiqi ölçülən Akif Çovdarov söz alaraq bildirdi: “Mənə bu məhkəmə və onun qərarı maraqlı deyil. Özüm illərlə qərar çıxarmışam, əvvəllər də “kolon” rəisi işləmişəm. Hər şeyi gözəl bilirəm”.

Səmimi adamdır. „Hər şeyi gözəl bilirəm“ deməklə bu hakimiyyət naminə işlədiyi günahları dolayısı ilə dilə gətirmişdir.

Tövbə etdimi? Etsə nə olar, tövbə etməsə nə olar…Diktaturaların xisləti budur: çovdarovlar hakimiyyətin təhkimli qullarıdır – lazım olanda cinayət törətməyə təşviq edər, kütləyə zülm etdirər, sonra qurbanlıq qoyun kimi qəssab bıçağının altına göndərilər. Diktatura dikbaşlığı bağışlamır, sərbəst düşünən, müstəqil hərəkət edənləri əfv etmir.  Diktatura itaət tələb edir. Təhkimli məmur hakimiyyət istəyəndə özünü qurban verməlidir. Hakimiyyətin ayıblarını ört-basdır etməlidir. Çovdarov düz deyir: o, hər şeyi gözəl bilir…

Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*