Məlahət Ağacan Rübabə: Ölkə əhlinin yaxın günlərdə keçirəcəyi üç MİTİNQ

melahet

Məlahət Ağacan Rübabə

 

Axşam bir qohum zəng edib dedi ki, Sumqayıt Mərkəzi Poçt Şöbəsinin  qarşısında dekoder üçün böyük  mitinq keçirilib. Yalnız polis müdaxiləsindən sonra mitinqi dağıtmaq mümkün olub: ölən və yaralananlar yoxdur. Açığı, əvvəlcə dekoderi dekolte kimi başa düşdüm və elə bildim mitinq hansısa müğənninin dekolte paltarına baxmağa görə olub, çünki indi camaata ancaq kiminsə açıq yeri maraqlıdır, silikonlu müğənninin bir açıq yerini görmək üçün nəinki Sumqayıtdan, ən ucqar kəndlərdən ağzının suyu tökülə-tökülə Bakıya piyada gedən kişilər var. Gedib yoxlasan görərsən ki, həmin kişinin arıq, xəstə oğlu sərhəddə keşik çəkir, arvadı bazarda yük daşıyır, o isə çılpaq qadınların şousuna bilet almaq üçün yeganə inəyini satıb. Ölkəyə nakişilik toxumu səpən hakimiyyətə eşq olsun!

Amma fəxrlə bildirirəm ki, Sumqayıtda mitinq dekolte paltara görə yox, dekoder cihazı üçün olub.  Xeyli inkişaf var, yaşasın hakimiyyət! Dekoder elə sehrli bir cihazdır ki, onun üçün nəinki mitinq etmək, hətta onu əldə etmək yolunda  özünü poçt şöbəsinin qarşısındakı ən hündür ağacdan asmaq, üstünə neft töküb yandırmaq qəhrəmanlıq sayıla bilər.

Harın məmurların himayəsindəki müğənnilərin mahnıları ilə nəfəs alan, toy-nişan keçirən, sirli-sehrli dekoder üçün mitinq keçirən ölkə əhlinin yaxın günlərdə yenə üç mitinqi gözlənilir. Növbəti mitinq Manat və Dollar  bayraqlarına  görə olacaq. Camaat istəyir ki, hökumət üçrəngli bayrağımızdan da hündür Manat və  Dollar bayraqları düzəltsin. Elə bayraqlar ki, onları ölkənin hər yerindən görmək mümkün olsun. Onsuz da Mərkəzi Bankın sədri Elman Rüstəmov bekarçılıqdan başının  teli ilə oynayır,  qoy bundan sonra Dollar və Manat bayraqları ilə oynasın, amma telindən də muğayat olsun, birdən çaşıb dollar yerinə telini yuxarı dartar, ən yakışıklı məmurumuz da beləcə məhv olar.

 Cənab Rüstəmov, nə qədər “dollar qalxdı, manat düşdü” və ya “manat qalxdı, dollar düşdü” həyəcanı, səksəkəsi ilə yaşamaq olar? Xalqın qəzəbli mitinqindən qorxun! Mitinq üçün şüarlar da hazırdır: “Rədd olsun Dollar, yaşasın Manat!” “Manat, bizi tərk etmə, səni çox sevirik!” “Ya Manat,  ya da ölüm, başqa yolu yox artıq!” və s. Dekoder mitinqini dağıdan polislər “ dollar-manat” mitinqinə daha ciddi hazırlaşsınlar, çünki qarın aclığı göz aclığından  daha təlatümlü, gurultulu olur.

Daha bir mitinq isə Az TV-nin qarşısında gözlənilir. Camaatın tələbi odur ki, ərlər arvadlarının başını kəsəndə, dərisini soyanda, balta ilə doğrayanda hadisələri canlı izləmək imkanları olsun. Müxbirlərin ailə faciələri haqqında yaydıqları dəhşətli xəbərlər, qanlı şəkillər, qorxulu videolar camaatı qane etmir. Onlar istəyirlər ki, arvadının başını kəsmək istəyən kişi birbaşa studiyaya gəlsin, arvadı yıxsın ayağının altına, yavaş-yavaş başını kəsin, ora gətirilən azyaşlı uşaqlar da  “ ata ananın boğazını xıtt-xitt ediy” desinlər. Sonra kəsilmiş başı aparıcılar qoysunlar bir siniyə, bir-bir tamaşaçılara göstərsinlər, onlar da qanlı başla selfi çəkib, “faciəbook”larına yerləşdirsinlər .

Cəmiyyətin üçüncü dilxorçuluğu isə daha dəhşətlidir: Azərbaycan əhli bilmək istəyir Rəqsanə ərinin şəklini nə vaxt instaqramda bütöv yerləşdirəcək. Xalqın dekoder, dollar, manat üçün mitinq keçirmək istədiyi ərəfədə saytların provakasiya xarakterli xəbərlər yayması doğru deyil:”Publika.az xəbər verir ki, həyat yoldaşının üzünü gizlədən müğənni bu dəfə onun ancaq ayaqlarının şəklini paylaşıb. İfaçının son paylaşımı abunəçilərin diqqətini çəkib, çoxları onu həyat yoldaşının üzünü gizlətdiyinə görə kəskin tənqid edib” və mitinq keçirmək qərarı veriblər. Mitinqdə səslənəcək şüarlar:” Rəqsanə, ərinin yarısını da göstər!”, “Rəqsanə, gizlətmə, sənin ərinin yarısı yoxdur!”..

 

Adama elə gəlir ki, millətin qeyrətini, qürurunu, vicdanını, ağlını, dəyərli olan nə varsa hamısını  qayçı ilə kəsib atıblar. Əlbəttə, elədir, axı 23 ildir xalqa əli qayçılı Dəlləklər rəhbərlik edir. Maraqlıdır, Azərbaycan xalqını kəsib-doğrayan  Dəllək hakimiyət üçün camaat nə vaxt ayağa qalxacaq?..

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*