Ekspert: Hökumət manatın devalvasiyasında maraqlıdır. Dollar 2 manatı keçəcək

ann

İqtisadçı ekspert Samir Əliyevin “Qafqazinfo”ya müsahibəsindən:

– Manatın dollara qarşı ucuzlaşması rekord həddə gəlib çatıb. İlin sonuna doğru proqnozlarınız nədir, manat hansı həddə kimi ucuzlaşa bilər?

– Manat 1.49 səviyyəsindən 1.65 səviyyəsinə qalxdı. Bunun bir neçə səbəbləri var. Bizdə dollara olan təlabat dövrüdür. Bu da xaricdən idxal asılılığına görədir. İdxal da kapital axınını stimullaşdırır. Xaricə qeyri-rəsmi kapital axını var. İnsanlar bankda olan əmanətini çıxarır, evdə saxlayır. Xarici borclarımız var və onları qaytarmalıyıq.

Əvəzində isə ölkəyə neftdən kənar çox az miqdarda dollar gəlir. Əsasən də üç mənbədən ölkəyə dollar daxil olur. Neft Fondu, SOCAR və Mərkəzi Bank. SOCAR qazandığı dollarları ölkə daxilində istifadə etmir. Mərkəzi Bank isə dövrü olaraq öz valyuta ehtiyatlarından istifadə edir. Neft Fondu 450 milyon dollar civarında bazara dəstək verə bilir. Bu üç qurumdan başqa ölkəyə dollar gətirən meyvə-tərəvəz məhsullarıdır. Bazarda isə avqust ayındakı gərginlik yenidən yaşanmağa başlayır. Bu da bağlanan 10 bankdan 670 milyon əmanətin qaytarılması ilə bağlıdır. Çünki əmanətlərin qaytarılması prosesi bazara təsir edir. Banklarda, o cümlədən “ Bank Standard” da əmanətlərin 80 faizi dollarladır. Ancaq bəzən dollar olmur deyə, əmanətləri manatla qaytarırlar. Qaytarılan əmanəti də insanlar dollara çevirərək saxlayır. Hər bir halda qaytarılan əmanətlər bazarda dollara təlabat yaradır.

– İlin sonuna büdcənin öhdəliklərini yerinə yetirmək məqsədilə hökumətin manatı dollara qarşı ucuzlaşdırdığı barədə fikirlər də var…

– 2016-cı ildə Neft Fondu 7 milyard 600 milyon büdcəyə transfer etməlidir. 9 ayın nəticələrinə baxanda məlum oldu ki, Neft Fondu öz öhdəliyini 58 faiz icra edib, 42 faiz kəsr var. 2 milyarddan çox vəsaitin büdcəyə daxil olmadığı məlum olub. Hökumət dövriyyəyə böyük həcmdə pul çıxarılmasından ehtiyatlanıb. Bir qayda olaraq bizdə belədir ki, büdcənin əsas icra yükü axırıncı rübə düşür. Noyabr-dekabrda birdən-birə büdcə vəsaitləri böyük həcmdə xərclənir. İlin sonudur, büdcənin icrası tam təmin olunmalıdır. Cənub- Qaz Dəhlizi layihəsi 10 faiz icra olunub. 2 milyarda yaxın pul icra olunmayıb, amma proses getməlidir. İlin sonuna kimi dollara təlabat yüksək səviyyədə olacaq.

– Konkret dolların hansı həddə qədər ucuzlaşacağı ilə bağlı proqnoz verə bilərsinizmi?

– Mənim gözləntim odur ki, fövqəladə hadisə baş verməsə, ilin sonuna dollar 1.80 olacaq. Yəni neft kəskin ucuzlaşmasa, siyasi gərginlik olmasa, maliyyə panikası yaranmasa ən aşağı rəsmi məzənnə 1.80 olacaq. Amma 2 manatdan da çox ola bilər. Burada daxildə əsas məsələ hökumətin nə etmək istəməsi ilə bağlıdır. Görəsən, ölkənin maliyyə kapitanları manatı ucuzlaşdırmaqda maraqlıdırlarmı? Burada monetar siyasət həyata keçirən Mərkəzi Bankla fiskal siyasət yürüdən Maliyyə Nazirliyi arasında fikir ayrılığı yaranır. Mərkəzi Bank manatın məzənnəsinin saxlanılmasına, inflyasiyaya məsuldur. Devalvasiyalarda ən çox zərbəni Mərkəzi Bank alır. Maliyyə Nazirliyi isə fiskal qurum olaraq büdcənin icrasına məsuldur. Milli valyuta ucuzlaşanda qiymətlər bahalaşır. Qiymətlər bahalaşanda isə vergi daxilolmaları artır. Maliyyə Nazirliyi manatın devalvasiyasında maraqlıdır. Hökumət də buna maraqlı görünür, çünki manat real dəyərini bazarda tutmayıb.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*