Deputat: Bakı İslam Universitetində təhsil almaq ağılsızlıqdır

agacanMaraqlı müsahibədir. Parlaq fikirlərlə zəngin bir müsahibədir. Şedevrdir! Xəzinədir! Ağacan Abiyevin “modern.az” ilə müsahibəsində izhar etdiyi möhtəşəm aforizmləri:

“Xarici ölkələrlə Azərbaycanın fərqləri var. Məsələn, bizim özümüzə məxsus dilimiz, davranışımız bizlərə aiddir.” Bəs almanların, rusların, ingilislərin dili, davranışı özlərinə aid deyil, yoldaş deputat? Yox, deyil: sitat “Xaricilər isə başqa cürdür. Yəni xarici vətəndaş gəlib Bakıda özünü xaricdə olduğu kimi aparsa, deyərsən ki, bu dəlidir ki…” Bəs azərbaycanlı gedib Berlində özünü Azərbaycanda olduğu kimi aparsa, ona dəli deməzlər, yoldaş deputat?

Deputatın İslam və ümumiyyətlə din barədə fikirləri də orijinaldır. Məsələn, Abiyev Bakı İslam Universitetində ildə 2 min manat təhsil haqqı verib oxumağı “ağılsızlıq” adlandırıb:

“Əgər kimsə 2000 manat verib Bakı İslam Universitetində təhsil alırsa, həqiqətən də bu ağılsızlıqdır. Şəxsən mən oğlumu, qızımı o universitetə, o fakültəyə oxumağa buraxmazdım. Çünki il ərzində 2000 manatı ilahiyyat fakültəsinə verməkdənsə, yaxşı bir universitetdə ən lazımlı bir fakültədə oxumaq olar. Bu gün dünya nanotexnologiyalardan təhsil alır. Biz isə ildə 2000 manat ödəyib ilahiyyatı öyrənirik. Bütün dünya insanın neyrohüceyrələrini araşdırır. Bizə bunlar lazımdır. İrsi xüsusiyyətlər, genetik kodu öyrənmək üçün nanotexnoligiyaları öyrənməyin zamanıdır. 4 il ərzində 8 min manat ödəyib islam təhsili alan adamı mən qəbul etmirəm.” Niyə?

Çünki, “7-ci əsrdə islam dini yarandı. Məgər 7-ci əsrdən 2-3 min il qabaq sivilzasiyalar, inkişaf yox idi? Əlbəttə var idi. Qədim yunan, Roma, Misir, Mesopotomiya mədəniyyəti olub axı. Musa, İsa və Məhəmməd peyğəmbərdən gələn hər 3 kitab eyni şeydir. Hər 3 kitab Allahın adından yazılıb. Ona görə də ildə 2000 manat ödəyib ilahiyyatdan təhsil almaq mənasızdır”.

Və deputat iddia edir ki, “oturub ordan-burdan danışanda, görürəm xarici deputatlar mənim kimi riyaziyyatı, kibernetikanı, biokibernetikanı bilmirlər. Xarici deputatlar bizdən çox şey öyrənməlidir”. Niyə? Çünki, “bizim təhsil sistemimiz bu gün o qədər gözəldir ki, biliyimiz amerikanlılardan da, fransızlardan da çoxdur.”  Fərq göz qabağındadır!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*