Nazlı Ağayeva: İanə vermək

imageHər kəsin yaradıcılığında qapanmasını istəmədiyi bir istəkli səhifə olur. Eləcə də bu yazı iki-üç il əvvəl bir neçə tribunada işıq üzü görüb. Muradı çox sevirəm və heç unuda bilmirəm. Çünki, Murad məndən ötrü bu komik ölkədə ciddi doğulan bütün körpələrin rəmzidir…

Murad

Başqa uşaqlardan fərqli doğulmuşam. Çünki, anam məni övlad acısı çəkən dayıma və dayıdostuma görə dünyaya gətirib. Olsun. Mən onları və anamla atamı, qardaşlarımı sevirəm. Hətta tanış olmağa başladığım xalqımı da sevməyə çalışıram. Yetər ki, kimsənin qəlbi qırılmasın.

Dünyaya gələndə ilk eşitdiyim sözləri yadda saxlamaq istəyirdim. Qoy bu sözlər həyat şüarım olsun deyə. Çığırıb-ağlamağımın ardınca bütün kiçik varlığımla həmin sözlərə köklənmişdim ki, həkim xala sevincək dedi: “Şükür, əlimizə sağlam mal gəldi.” Elə bildim, həkim xala çaşıb “uşaq” əvəzinə mal deyib.

Səsimi eşitməsə də düzəliş etmək istəyirdim ki, yenidən ötkəm bir səs eşitdim: “Tərpənin görək, nə qopardırsınız!”…

Bu dəfə mən düzü qorxudan xırdaca ayaqlarımı bir-birinə sıxdım. Amma anamla məni qoyub hər kəs çölə axışanda “qopartmaq” felinin hələlik mənə aid olmadığını başa düşdüm. Buna sevinə də bilmədim. Çünki, bu dəfə qapıda xəbər gözləyən bizimkilərə yazığım gəldi.

Məni çağaların otağına yerləşdirən yaşlı xala qundağımın üstünə töküb dəstələdiyi manatlıqları cibinə qoyub ufuldadı: “Alçağın bir donuzu əksikdi, di gəl ki, xadimədən də haqq umur. A buna möhür verənin evi dağılsın!”
“Donuzu əskik” olan həmin alçağın xadimə xalanın cibinə girməsinə çox kədərləndim, amma körpələrin yanında belə şeylər danışdığına bir az ondan incidim. Nədən ki, dünyaya gəldiyimdən bəri bir xoş söz eşidə bilmirdim.

Anamın yanında keçirəcəyim bircə həftənin dadını çıxartmaq üçün müsbət enerjiyə çox ehtiyacım vardı. Di gəl ki, dünyada bu enerjini almaq mümkün deyilmiş. Burada yalnız nəğd alış-veriş gedir. Məsələn, həkim xala maddi vəziyyətimizi nəzərə alıb, mənə yüz əlli manat qiymət qoymuşdu. Anamdan əvvəl qız uşağı gətirən xalaya başa salanda öz qulaqlarmla eşitdim. Qızlarda az-çox endirim etmək olurmuş. Oğlanlar binayi-qədimdən bahalıdır. Bizimkilərin yanından məmnun qayıdan doxtur xala məni göstərib dedi:

– Bax, bunun əlli manatı birbaşa müdirə gedir. Bu həftə dörd oğlan tutmuşuq, onların bircə manatı da hesabdan yayına bilməz.

O saatca yadıma xadimə xalanın dediyi donuz düşdü. Fikirləşdim ki, həmin o müdir dayı əskiyini niyə düzəltmir görəsən? Bu minvalla az vaxta bütöv ferma almaq olar ki! Pensiyaya çıxanda elə çoxalmış donuzlarla gününü keçirərdi. Nə də olsa, hər kəs özünə yaraşan işlə ömrünü başa vursa məsləhətdi.

Evə yollanandan sonra məlum oldu ki, xırda-mırda xərcləri saymasaq mənim doğulmağım bizə təxminən üç yüz əlli manata başa gəlib. Yeni evimdə yeni atam-anam üstümdə nə qədər əssələr də, özümü xəstələnməkdən saxlaya bilmədim. Ölkəyə gəlişimlə bağlı keçirtdiyim qorxu və həyəcandan sonra ağır depressiyaya düşmüşdüm. Amma depressiya varlıların xəstəliyi olduğuna görə ordan dərhal çıxdım. Çünki, bizlərin belə “geydirmə” (ifadəmə görə üzr istəyirəm, bu sözün sinonimini tapa bilmədim) problemlərə xərclənəsi vaxtımız və pulumuz yoxdu.

Çox keçmədi ki, əsil maneə ilə qarşılaşıb, dünyanın neçə bucaq olduğunu daha dərindən anlamağa başladım. Bu ölkədə kiməsə qarğış eləmək istəyirsənsə bircə an belə fikirləşməmiş deyirsən: “Allah işini hökumətə salsın”. O da ola hökumətin bir neçə idarəsinə birdən. Bu, daha qarğışlıqdan çıxıb adamın başına düşəsi yekə bir daşdır.

Mənim övladlığa götürülmək məsələm də üç-dörd hökumət idarəsindən keçməliydi. Atam ilk cəhdlərdən sonra tələb olunan rüşvəti vermək üçün inəyi satmaq məcburiyyətində qaldı. Mən süddən məhrum olsam da, azərbaycansayağı sənədləşmədən sonra övladlıq məsələmin yarısı düzəldü. Qalan yarısı üçün də inəyimizin balasının böyüməsini gözləyirik…

 

Meydan.tv

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*