Iran ilə Ermənistanı biri-birinə nə bağlayır?

iran ermeni

Siyasi analitik Mirzə Xəzər “Cümhuriyət” qəzetinin  əməkdaşı Mənsur Rəğbətoğluna bildirib ki, aprel döyüşlərinin Ermənistan – İran münasibətlərində rol oynadığını söyləmək səhv olardı. Mirzə Xəzər həmçinin hesab edir ki, eləcə də Ermənistan – İran münasibətlərində “istiləşmə”nin son zamanlara təsadüf etməsi də yanlış fikirdir: “İki dövlət arasında yaxın və mehriban münasibətlər 1991-ci ildə Ermənistan müstəqilliyini elan edən andan başlayıb və bu günədək davam edir. İki dövləti bir-birinə nə bağlayır? Ermənistanla dostluq İrana Cənubi Qafqazda nüfuz qazanmağa imkan yaradır. İranla dostluq Ermənistana Azərbaycanın blokadasını yarmağa, İran ilə iqtisadi əlaqələrini inkişaf etdirməyə və eyni zamanda Azərbaycana göz dağı verməyə fürsət yaradır. Ermənistanın Azərbaycana göz dağı verməsi təəccüblü deyil. Ermənistan Azərbaycan ərazisini işğal edib və iki dövlət arasında müharibə vəziyyəti var. Belə şəraitdə Ermənistanın hər fürsətdə Azərbaycana zərər verməyə çalışmasının səbəbini izah etməyə ehtiyac yoxdur. Əlbəttə, müstəqil Azərbaycan dövlətinin varlığı baxımından ərazisində 30 milyon azərbaycanlının yaşadığı İranı ciddi şəkildə daima narahat edir. Lakin İranın qəzəbinin başqa səbəbləri də var. Səbəblərdən biri Azərbaycanın müstəqil siyasət yeridərək Qərblə sıx əməkdaşlıq etməsidir. Ancaq bundan daha mühüm səbəb Azərbaycanın İsrail ilə yaxın münasibətləridir”.

“Heydər Əliyev İranın tələbini rədd etdi”

Mirzə Xəzər hesab edir ki, Yaxın Şərqdə hegemonluğa can atan Tehranın yolunda duran ən böyük maneə – İsraildir: “Tehranın Qərbə qarşı apardığı ideoloji mübarizədə ən təsirli silahı da İsrailə olan patoloji nifrətdir. İranın İsrailə nifrətini yəhudilərə nifrət kimi başa düşmək olmaz. İranda yəhudi icması digər vətəndaşlar kimi rahat yaşayır və hətta İran Məclisində yəhudi deputat da var. Tehranın bir nömrəli hədəfi İsrail dövlətidir. Bu səbəbdən Azərbaycan – İsrail dostluğu İsrailin yer üzündən silinməsini qarşısına məqsəd qoyan İranı qəzəbləndirir. Tehranın bütün açıq və gizli səylərinə baxmayaraq, Azərbaycan İsraillə əlaqələrini kəsmək niyyətində olmadığını Tehrana açıq şəkildə bildirib. Tehran rəhbərliyinin Azərbaycan – İsrail münasibətlərinə qəzəblə yanaşması yüksək səviyyədə görüşlər zamanı açıq söz atışmasına da səbəb olub. Məsələn, 1998-ci ildə mərhum Heydər Əliyevlə görüşüm zamanı o, maraqlı bir əhvalat danışdı. 1997-ci ildə Tehrana səfəri zamanı İran rəhbərləri İsraillə əlaqələri kəsməsini yüksək səslə tələb etdiyi zaman Heydər Əliyev eyni yüksək və qəzəbli səslə onların tələbini rədd etdi. Nə qədər ki, Azərbaycan müstəqil siyasət yeridir, nə qədər ki, Azərbaycan dünyəvi dövlətdir, nə qədər ki, Azərbaycan Qərbə meyllidir, nə qədər ki, İsraillə yaxın əlaqələri davam etdirir, İran Azərbaycana qarşı münasibətini dəyişməyəcək və Ermənistanı himayə etməkdə, Ermənistanı dar günündə uçurumdan xilas etməkdə, Azərbaycana acıq verməkdə davam edəcək.

– See more at: http://www.cebhe.info/oxu/23214/#sthash.sTV6UFkE.dpuf

One comment

  1. Men hesab edirem ki Azerbaycan Qebden de üz dönderse de Israilden üz döndermemeldir.Qerble münasibetleri yox seviyyesine endirmek uchrumun qiraginda dayanmaqdirsa,Israille münasibetleir kesmek uchruma yuvarlanmaq ve ya bataglida batmaq olar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*