Suriya: Atəşkəs olacaq, müharibə isə davam edəcək

russia-syria-ceasefire-middle-east
ABŞ ilə Rusiyanın razılaşdığı atəşkəs şənbə günü fevralın 27-də qüvvəyə minəcək. Atəşkəs sazişinin əldə edilməsində ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı, İran, Bəşər hökuməti və bəzi Qərb dövlətləri iştirak etmişlər. Türkiyənin onların cərgəsində olmaması təəccüb doğurur. Lakin razılaşdırılmış atəşkəs sazişinin ciddi bir nöqsanı ondan ibarətdir ki, şənbə günü saziş qüvvəyə minəcək, ancaq vətəndaş müharibəsi davam edəcəkdir. Niyə? Çünki atəşkəs sazişi Əsədə qarşı vuruşan əsas müxalif qüvvə olan Nusra Cəbhəsinə və DAEŞ-ə (İŞİD-a) aid deyildir. Yəni ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri DAEŞ-ə, Rusiya da Nusra Cəbhəsinə qarşı əməliyyatları davam etdirəcək, DAEŞ və Cəbhət-an Nusra da öz növbəsində Dəməşq hökumətinə qarşı döyüşməkdə davam edəcəklər.

Bəs atəşkəs? Bəzi icmalçıların fikrincə, atəşkəs Bəşər Əsədin qələbəsidir. Lakin atəşkəsin nəyə xidmət etdiyini müəyyən etmək çətindir. Bəlkə də ABŞ və Rusiya vaxt qazanmaq istəyirlər. Lakin bir şey aydındır – atəşkəsə rəğmən Suriyada vətəndaş müharibəsi şiddətlə davam edəcək və suriyalılar hələ uzun illər bu amansız müharibənin ağrı və əzabını hiss edəcəklər. Suriyanı yeni faciələr gözləyir…
Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*