Məlahət Ağacan Rübabə: Sən mənim 23 ildə yeganə UĞURumsan!

 48237cf9-8b41-4136-81af-b5f1e600d20f

 

Məlahət Ağacan Rübabə

Əziz qızım, çox sağ ol ki, bu boz-bulanıq günlərdə mənə böyük bir sevinc yaşatdın, universitet məzunu oldun. Amma sən də bilirsən ki, hardasa  23 ildir nəinki ən böyük sevincimi, hətta ən ağır kədərimi də dostlardan gizlətməyə çalışmışam, çünki qüssə-kədər içində üzən bir ölkədə kiminləsə sevinc, kədər bölüşmək  mümkün deyil. Hamının çəkiləsi olan  çox ağır dərdi, yükü var. Heç bu böyük sevincimi də paylaşmayacaqdım,  çünki 23 ildə Heydər Əliyevə və onun ailəsinə yaltaqlananlar üzündən tərifdən elə iyrəndim ki, bütün xoş, şirin sözləri hətta sənin məzun günündə unutdum.  Bağışla, mələyim mənim! Amma bir bilsən içimdə səninlə həmişə necə qürur duymuşam.  Bir bilsən ürəyimdə hər zaman sənə necə gözəl sözlər deyirəm.  Sən dünyanın ən gözəl sözlərinə, ən böyük tərifinə layiq bir övladsan və əminəm ki, həmişə də elə olacaqsan. Anamın adını daşıyan, nənəsinin ən sevimli, ən əziz nəvəsi olan gözəl qızım, sənin aldığın diplom başqalarından çox fərqlidir: o diplomda nənənin təqaüdü, xalanın inəyinin südü, mənim yorğun əllərim, sənin yuxusuz gecələrin var. O diplomu alana qədər sənin keçdiyin çox ağır bir yol var.  Sən ölkədəki bərbad təhsil üzündən orta məktəbdə 11 il yox, 22 il oxudun: dərsdən gələn kimi yenidən “məktəbə”- hazırlığa gedirdin. O balaca çiyinlərində  bazar-istirahət bilmədən,  səhərdən axşama  kimi dəyərsiz  ağır kitabları  daşıdığın üçün məni bağışla. Amma nə yaxşı ki, heç olmasa ali təhsilini azad bir ölkədə ürəyincə ala bildin, ölkədən kənarda yaşadığın beş ildə unutdun orta təhsilin sənə yaşatdığı acıları. Unutdunmmu, unuda bilərsənmi?! Mənim yazılarıma görə məktəb direktorunun  və köməkçisinin sənə haqsız hücumlarını, təhqirlərini unutmaq mümkündürmü? Amma Allah heç bir vicdansızı cəzasız qoymur: iki yük maşını arasında qalıb, xəstəxanada canı ilə əlləşən direktor sənə  etdiyi haqsızlıığı görəsən heç xatırladımı? Əmin ol, sizin böyük arzularınıza mane olmaq istəyənlərin ən kiçik arzuları ürəyində qalacaq…

06d0ad24-cf2c-4e16-b182-5ee547b702a4

Məzun törənində müəllimlərindən, dostlarından sənin haqqında o qədər xoş sözlər eşitdim ki, ömrüm boyu yaşadığım bütün ağrı-acıları tamam unutdum o gün. Səhifənə yazılan təbriklər isə o qədər gözəl idi ki, onların hətta nöqtəsinə, vergülünə toxunmağa əlim gəlmir, dəfələrlə oxumaqdan yorulmuram, doymuram: “Rubabecim öncelikle annene teşekkür ederim seni bir pırlanta gibi büyüttüğü için. Sen o kadar sevgi dolu, adaletli, çalışkan, disiplinli, yüzü ve kalbi güzelliklerle dolu bir meleksin ki sana daha farklı davranamazdım. Hayat bizi karşılaştırdığı için inanılmaz mutluyum. Ben eminim hayat sana hakkettiğin başarıyı ve mutluluğu vericektir”.  Mən də əminəm ki, həyat sənə və ürəyi böyük arzularla çırpınan bütün istedadlı, savadlı, ağıllı gənclərimizə haqq etdiyi xoşbəxtliyi verəcək. O xoşbəxtlik ölkənin azadlığından başlayacaq. Sənə  məzun günündə tez-tez “ən gözəl günlər sənin olsun” deyirdilər. Mənim isə arzum odur ki,  qoy dünyanın ən azad, gözəl ölkəsi SİZin olsun! Sən mənim 23 ildə yeganə UĞURumsan. Yolun açıq olsun, qızım! Xeyrinizi Vətən görsün!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*