Beynəlxalq Valyuta Fondu: Azərbaycan hökuməti doğru yoldadır…böhran dərinləşəcək, amma pul yoxdur…

vmf
Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl Qorçinin qəliz dildə yazılmış bəyanatı ikibaşlıdır. BVF bir tərəfdən Azərbaycanda iqtisadi böhranın dərinləşəcəyinə eyham edir, digər tərəfdən də Azərbaycan hökumətinin böhranın öhdəsindən gəlmək üçün kifayət qədər bacarıqlı olduğunu iddia edir. Beynəlxalq Valyuta Fondunun çıxılmaz vəziyyətdə olan Azərbaycan hökumətini tərifləməsinin arxasında nə gizlənir? Bəyanata nəzər salaq.

Əl Qorçi iddia edir ki, neftin qiymətinin sürətlə aşağı düşməsi üzündən böhranla üzləşən Azərbaycan Mərkəzi bankının manatın dəyərini aşağı salması milli valyutanın rəqabət imkanlarını yaxşılaşdırmışdır. Qəribədir. Manat dollara qarşı 47 faiz dəyərini itirirsə, milli valyutanın rəqabət imkanları necə yaxşılaşa bilər? Beynəlxalq Valyuta Fondunun digər iddiası da qəribədir. Bəyanatda iddia edilir ki, Mərkəzi Bank ölkədən xaricə valyuta axınının qarşısını almaq üçün gördüyü tədbirlər təsirli olmuşdur. Çox qəribədir. Beynəlxalq Valyuta Fondu Azərbaycan kimi korrupsiyalaşmış ölkələrdən külli miqdarda valyutanı xaricə qaçırtmağın çox asan olduğunu bilmirmi Bilir, amma demir…

Bəs nə deyir? Əl Qorçi deyir ki, gələcəkdə iqtisadi çətinliklər artacaqdır, lakin Azərbaycan hökuməti çətinliklərin öhdəsindən gəlmək üçün kifayət qədər güclüdür və lazımı qədər maddi ehtiyatları vardır. Bəyanatın müəllifləri hökumətin addımlarını himayə edəcəyini və lazımı köməyi əsirgəməyəcəyini bildirir. “Kömək” dedikdə pul yox, texniki məsləhət nəzərdə tutulur.

Bəs bunu necə yozmaq lazımdır? Çox sadə. Mərkəzi Bankda, Neft Fondunda, büdcədə ehtiyatı qalmayan Azərbaycan hökuməti xaricdən bir neçə milyard dollar borc almaq üçün son həftələrdə əzmlə əlləşir. Lakin Əliyev hökumətinə heç kim borc vermək istəmir. Beynəlxalq Valyuta Fondu da Azərbaycana borc vermək niyyətində olmadığını bu şəkildə bəyan etmiş olur. BVF məsləhət verəcək, amma pul yox. BVF hərif deyil, Azərbaycandan offşor banklara axan milyardlardan xəbəri vardır…Əliyev hökuməti meydanda tək qaldı…Xalq da bu hökumətlə yanaşı tək qaldı…

Mirzə Xəzər

One comment

  1. Chox güman ki Azerbaycan hökumeti (danishiqlari aparan memur ,prezidnetin adindan ) xahish edib ki ,borc vermirsiz , hech olmasa bizi terifleyin ki her sheye inan azerbaycanlilar sakitleshsin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*