Əsəd Qaraqaplan: Elə bilmişdilər ki, Şura hökuməti həm də əxlaq, namus, qeyrət, ar deməkdir

 

Demək, sovetlərin gəlməsiylə bizə hindiski mentalitet də gələsi oldu. Yəni günün reallıqlarına uyğun olaraq açıq-saçıq, insanın həqiqi hissləriylə bağlı hər şey arxa plana keçdi…

Sovet şairləri də başladılar bu hindiski mentalitetin şeirlərini yazmağa; hər şey son dərəcə pafoslu, əxlaqlı, namuslu, qapalı və s. Sanki yazanlar və haqqında yazılanlar insanlar yox, mələklərdir.

İnsanlarımız elə bilmişdiklər ki, Şura hökuməti həm də əxlaq, namus, qeyrət, ar deməkdir.
Çar hökümətinin qabalığı və müstəmləkəçiliyindən, Milli hökümətimizin təcrübəsizliyi və qırğınlarından çıxıb sosializmə girən xalqımız başladı özünü düzəltməyə; əvvəlkindən fərqli olaraq, namuslu, qeyrətli, ismətli olmağa… və uşaqlarını da belə – bu “sosialist əxlaqıyla” böyütməyə başladılar.

Halbuki sovetlərə qədər Azərbaycan şeiri kifayət qədər açıq-saçıq, rahat və həqiqi insan hisslərini ifadə eləyən şeir idi…
Əslində Şura höküməti – sosializm bizə gəlməmişdi, nə də gəlib milli hökümətimizi yıxmamışdı. Biz onu özümüz çağırmış, özümüz milli hökümətimizi yıxmasını istəmişdik…

Gerçək mətnləri yaza biləcək şairləri Şura höküməti repressiya elədiyindən, geridə şair adına aşıqlar və manıslar qalmışdı. Onlar da öz dünyagörüşlərinə uyğun şeirlər yazmağa, xalqın şairi olmağa başladılar. Çünki bu təfəkkürdə olan adamlar məhz xalqdan qorxa-qorxa “xalq üçün” yazır və xalq şairi olurlar.

Onlar qorxa-qorxa ən bəsit və gerçək insan hisslərindən uzaq mətnlər yazaraq xalqı biraz da gerçəklikdən uzaqlaşdırıb manqurdlaşdırmağa başladılar. Çünki gördülər ki, bu cür yazmaq onların işinə yarayır; oxunurlar, təbliğ olunurlar, dəstəklənirlər, medallar, mükafatlar, pullar, evlər, bağlar alırlar və xalq şairi olurlar…

Sadəlövh və işgüzar xalqımız bir müddətdən sonra gerçəkdən inanmağa və qəbul eləməyə başladı ki, əsl şair, əsl şeir belə olmalıdı və bu şairlər bizə yalnız və yalnız ən gözəl dəyərləri aşılayıb, mənəviyyatımızı artırırlar.
Bu şizofren durum həm də xalqın öz yaddaşını, daha doğrusu, keçmişini unutması idi. Məhz bunu istəyən şura höküməti buna şairlərimizin köməkliyi ilə nail olub, çox rahatlıqla əldə eləmişdi. Xalq artıq bütün gerçək və insanı şeylərdən uzaqlaşıb, hindiski mentalitet içində çabalamağa və getdikcə biraz da batmağa başladı…

Müstəqillik qazanandan sonra da xalq bu vərdişlərini yaşatmağa, indinin özünə qədər hindiski mentalitetin içində çabalamağa başladı. Çünki bu insanlar sovet şairlərinin şeirləriylə böyümüş və övladlarını da belə böyütmək istəmişdilər. Üstəlik hələ də o sovet şairləri yaşayıb-yaradır və nəsilləri tükənməyib.

İndi gənc nəsildən kimsə durub bu hindiski mentalitetə, dəyərlərə qarşı çıxanda xalq onun ağzının üstündən vurur və ona bu standart cavabları verir:
“Sən özün nə yazmısan axı! Hələ bir şey yaz qoy ortaya, ondan sonra kimisə tənqid edərsən, bəyənməzsən”.
“Yəqin sən bununla özünü reklam etmək, gündəmə gəlmək istəyirsən”.
“Yəqin içkili olmusan, belə yazmısan, demisən”.
“Yazarın yazdığına gərək xalq qiymət versin, sən kimsən ki, ağzına gələni danışırsan?!”
“İnidiki yazanlar ancaq söyüş-möyüş yazırlar, ona görə heç birini oxumuram”.
“Nə qədər istəyirsiz danışın, onsuz da tarixdə yenə onlar qalacaq, indikilər yox…”

Müstəqillik qananandan sonra bir çox gənc şair artıq başa düşdü ki, belə olmaz və bu çürük dəyərlərlə nəinki yaşamaq, heç yazmaq da mümkün deyil. Sovet şairlərinin bu saxtakarlığına qarşı dirənməyə və gerçək insan hislərini və azadlığını yazmağa başladılar. Bunu görən sovet şairli cəmiyyət də əks hücuma keçdi və başladı gerçək şairlərə qarşı repressiyaya.

İndi sovet şairləri öz hindiski mentaliteti ilə qəhrəman olublar, indiki şairlərsə gerçək insani hissləri və azadlığı ilə əxlaqsız. Və heç kimə heç nəyi də olduğu kimi anlatmaq mümkün deyil. Hətta öz evindəki adamlar da səni yox, sovetlərin aşıq və manıslarını gerçək şair sayırlar…

Əslində xalqımızın bu durumda olmasının birbaşa günahkarı o aşıq və manıs sovet şairləridir, bunu da kimsə qəbul etmək istəmir…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*