Azərbaycanda güclü zəlzələ. Dağıntı var

Göyçayda zəlzələ nəticəsində iki uşaq anası su quyusuna düşərək ölüb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, rayonun Məlikkənd kənd sakini 1987-ci il təvəllüdlü İbadova Ruhiyyə Mustafa qızı zəlzələ baş verən zaman yaşadığı evin həyatyanı sahəsində su quyusunun yanında olub. Təkanların təsirindən ayağı sürüşərək su quyusuna düşüb. Quyuda elektrik enerjisi ilə işləyən su motoru işlək vəziyyətdə olduğundan, cərəyan R.İbadovanı öldürüb.
***

Zəlzələ Şəkiyə ziyan vurdu – Açıqlama

Bu gün yerli vaxtla saat 09:49-da Şəki ərazisində baş verən zəlzələ rayona ziyan vurub.

“Qafqazinfo” xəbər verir ki, rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-a verilən ilkin məlumata görə, yeraltı təkanlar nəticəsində rayonun Turan qəsəbəsi, Aşağı Daşağıl, Cəyirli, Qozlubulaq, Qaratorpaq, Bolludərə, Oxud, Əliyar, Qayabaşı, Sarıca və ətrafda yerləşən digər kəndlərində vətəndaşlara məxsus fərdi evlərin və bəzi sosial təyinatlı obyektlərin divarlarında çatlar əmələ gəlib. Eyni zamanda Şəki şəhərinin yuxarı hissəsində də bir neçə qədim evin divarlarına müəyyən dərəcədə ziyan dəyib.

Tələfat yoxdur.

Hazırda Rayon Fövqəladə Hallar Komissiyası yerli icra qurumları ilə birlikdə yerlərdə dəqiqləşmələr aparır.

***

“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə APA-ya Cəmiyyətin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, baş vermiş zəlzələ ilə əlaqədar qurumun İnfrastruktur Departamentinin kollektivləri yollarda, körpülərdə, stansiyalarda yol, enerji təchizatı, işarəvermə və rabitə sahələrinin zəlzələdən ziyan görüb-görməməsini yoxlayır. Mütəmadi yoxlamalar xırda təkanlar dayanana kimi davam edəcək.

Qeyd edək ki, bu gün Azərbaycanın Şəki şəhərində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bala, respublikanın ətraf rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub. Yer sarsıntısı 13 km dərinlikdə baş verib.

***

7 bal gücündə zəlzələ: vətəndaşlar təşvişə düşdü (Yenilənib 5)
Ölkənin aran zonasında zəlzələ olub.

Bunu Trend-ə Yevlax sakinləri məlumat veriblər. Verilən məlumata görə, zəlzələ hiss olunub. Yerli sakinlər təşvişə düşüb.

Gələn məlumatlara görə, zəlzələnin təkanları Mingəçevirdə, İsmayıllıda, Ağcabədidə, Şirvanda, Şamaxıda, Göyçayda, Ağdaşda və başqa yaxın rayonlarda da hiss edilib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşı Tahir Məmmədov Oxu.Az-a bildirib ki, zəlzələnin olması ilə bağlı hazırda araşdırma aparılır.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ bu gün saat 09.49-da Şəki arazisində qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində 7 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 13 km olub. Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Xatırladaq ki, bir neçə gün əvvəl də Şəkidə də zəlzələ olmuşdu.

***

“Report”un xəbərinə görə, Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Ağdam, Sabirabad rayonlarında, habelə ölkənin bir sıra rayonlarında təkanlar qeydə alınıb. Təkanlarla bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi məlumat yayacağı gözlənilir.

***

“Azərbaycan sesymik zonada yerləşir, ona görə bu cür zəlzələlərin baş verməsi təbii haldır”. Bunu Trend-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib: “Buna güclü zəlzələ demək olar. Zəlzələnin episentri olan Şəki ərazisində zəlzələ 7 bala yaxın olub. Mingəçevir, Yevlax, Gəncə, Göyçay və digər bölgələrdə isə 5-6 bala yaxın hiss olunub. Dağıntılar barədə hələlik məlumat yoxdur”.

***

İranın Ərdəbil əyalətində güclü zəlzələ baş verib
İranın Ərdəbil əyalətində güclü zəlzələ baş verib
Bu gün səhər İranın Ərdəbil əyalətinin Azərbaycanın cənub bölgəsinə yaxın Parsabad, Biləsuvar və Germi şəhərlərində güclü zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir. Zəlzələ episentrdə 5 bal, yaxın yaşayış məntəqələrində 4 bala qədər hiss olunub.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində yerli sakinlər təşvişə düşüb. Sakinlər evlərini tərk edib küçə və xiyabanlara axışıblar.

Zəlzələ nəticəsində ölən və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*