Mirzə Xəzər: Rasimin ölümü üçün Rasim günahkardır?

Hakimiyyət Rasim Əliyevin ölümünü tamamilə başqa müstəviyə çəkərək özünü ittihamlardan sığortalamağa çalışır. Prezident administrasiyasının mətbuat şurasının rəisi Amaşov Əflatun Rasim məsələsinin söz və mətbuat azadlığı məsələsi olmadığını və hətta “Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı problem olduğu görüntüsü yaratmaq istəyən” xain ünsür və elementlərin fitnəkar əməli ola biləcəyinə eyham edir. Mətbuat soveti xalqı axmaq yerinə qoyur. Onun sözündən elə çıxır ki, Rasim Əliyev öz fikirlərini mətbuatda yox, sosial şəbəkədə ifadə edib. Sosial şəbəkə isə KİV hesab olunmur. Deməli, sosial şəbəkədə statusdan ötrü adam döymək və öldürmək olar? Gülməyin. Görün nə deyir: “sosial şəbəkədə yazılan statusların etik çərçivəni aşması həm Mətbuat Şurasını, həm də ayrı-ayrı ziyalıları çoxdan narahat edən məsələdir. Dəfələrlə bu narahatlıq ifadə edilib, müzakirəyə çıxarılıb”. Hakimiyyət bununla nə demək istəyir? Deyir ki,  sosial şəbəkədə ehtiyatlı olun, sizi döyərlər, öldürərlər? Bərəkallah!  Bəs Azərbaycanda mediada sərbəst fikir ifadə edənləri döymürlər və öldürmürlər, yoldaş prezident administrasiyası? Harda yaşayırsınız? Çaşmısınız? Yaddaşınız itib?

Mirzə Xəzər
09.08.2015