“İslam Dövləti” (İŞİD) Türkiyəyə növbəti dəfə ultimatum verdi: əlinizi savaşdan çəkin, sonra ağlayarsınız

“İslam Dövləti”-İŞİD Türkiyənin bu terror təşkilatına hücuma başlaması və ABŞ-ın hava bombardmanları üçün İncirlik hərbi-hava bazasından istifadə etməsinə icazə verməsinə təhdidlə cavab verdi. İŞİD-ın türkçə çıxan “Darülhilafə” adlı vebsayt vasitəsilə yaydığı bəyanatda “intihar hücumlarımızın hədəfi olmaq istəmirsinizsə, dərhal əlini savaşdan çəkin, onra oturub ağlamayın” ifadələrinə yer verilir. Qeyd edək ki, İŞİD bu il ərzində bir neçə dəfə eyni sayt vasitəsilə Türkiyənin ünvanına hədə-qorxu yağdırmışdır.

“BU SAVAŞDAN ƏLİNİZİ ÇƏKİN, BOMBA PARTLAYANDA AĞLAMAYIN”

“Darülhilafə” saytında çıxan təhdid məktubunda deyilir: “İslam Dövlətinin bomba dolu yük maşınlarının hədəfi olmaq istəmirsinizsə, dərhal əlinizi bu savaşdan çəkin. O güvəndiyiniz ABŞ sizi qurtarmayacaq. Sabah İsalm Dövləti sizə hücum edərsə, qəflətən bir bomba partlayarsa, oturub ağlamayın. Bunu siz istəyirsiniz. Ey Türkiyə xalqı, rəhbərləriniz sizi xaçpərəst ABŞ-ın köləsinə çevirib müharibəyə sürükləyir. Bu gün İslam Dövlətini bombaladığı üçün sevinənlər, sabah xilafət aslanlarının bombalarına yeyincə, görək nə deyəcək.”

ƏRDOĞAN VƏ DAVUDOĞLU DA HƏDƏFDƏDİR

Əhməd Davudoğlunu xaçpərəstlərin yanında oturub müsəlman qanı tökməkdə ittiham edən İŞİD-ın ifadəsinə görə, “Allahın ordusu ilə savaşan heç bir xalq uğura nail olmayıb. Rəcəb Tayyib Ərdoğana da daş atan İŞİD bildirir ki, “Ərdoğan İslam Dövlətinə zərbə vuraraq öz axırını sürətləndirir”.

Mirzə Xəzərin şərhi: Çox sərt ifadələrdir. İŞİD deyəsən zarafat edir. Bu “ultimatum”a ciddi yanaşmamaq lazımdır. Çünki, əvvələn, Türkiyə hələ PKK-nı vurur, İŞİD-a  zərbə endirmir və çətin güman etmək olar ki, Ərdoğan-Davudoğlu hökuməti İŞİD-la açıq ixtilafa girişmək niyyətində deyildir. ABŞ hökuməti bunu artıq başa düşüb. İkinci tərəfdən isə Türkiyə İncirlik bazasını Amerikanın ixtiyarına veribsə də, ABŞ bu bazadan İŞİD-a qarşı hələ istifadə etmir və ya edə bilmir. Maraqlıdır. ABŞ-Türkiyə sazişinin tərəffüatları hələ də gizli saxlanır.