Mirzə Xəzər: Milliyyətçi Hərəkat Partiyasından AKP-yə müjdə: azlıq hökumətinə və növbədənkənar seçkiyə “əvət”?

Prezident Ərdoğanın növbədənkənar seçki planı gerçəkləşir. Milliyyətçi Hərəkat Partiyası (MHP) oktyabr ayında növbədənkənar seçki keçirilməsi şərtilə AKP-nin azlıq hökumətini parlamentdə müdafiə edəcəyini elan etdi. Lakin bir neçə saat sonra MHP rəsmiləri belə bir bəyanatın verildiyini dandılar.  Əslində AKP ilə CHP arasında koalisiya danışıqları başa çatan kimi MHP-nin belə bəyanat verməsi müşahidəçilərin marağına səbəb olmuşdur. Bəzilərinin fikrincə, MHP AKP ilə arxa planda razılaşmadan bu addımı atmazdı. Amma MHP rəsmən bildirir ki, azlıq hökumətinə və erkən seçkiyə razılıq verilməyib.

Bəs CHP və HDP oyundan kənarda qaldılar? Yox. Növbədənkənar seçkinin kimin xeyirinə olduğunu söyləmək çətindir. AKP və prezident Ərdoğan erkən seçki keçirərək təklikdə hökumət qurmaq üçün lazım olan əksər səsləri əldə edəcəyini düşünür. Lakin türkün sözü olmasın “evdəki hesab bazara uymaz”. Erkən seçkinin nəticəsi barədə hal-hazırda Türkiyəni bürüyən PKK terror işığında fikir yürütmək daha münasib olar. Türkiyə mətbuatı ilə yaxından tanış olduqdan sonra belə bir mənzərə yaranır:

AKP hökuməti ümid edir ki, PKK-nın terror əməllərinin davam etməsi kürdlərin HDP partiyasının seçicilər arasında nüfuzunun azalmasına səbəb olacaq və iyunun 7-də HDP-yə verilən səslərin bir hissəsi AKP-yə qayıdacaq. AKP həmçinin ümidvardır ki, HDP və PKK-nın ölkə içində şəbəkələrinin darmadağın edilməsi, ən fəal kadrlarının həbs edilməsi kürd partiyalarının zəifləməsinə gətirib çıxardacaq. AKP-nin ümidlərinin puça çıxmayacağını söyləmək yanlış olardı. Bununla yanaşı, PKK-nın terror əməlləri nəticəsində hərbçilər və polis nəfərləri arasında itgilərin artması AKP-nin zəifliyi kimi görünəcək və ictimai rəyi Əhməd Davudoğlunun başçılıq etdiyi partiyaya qarşı yönəldə bilər.

7 iyun seçkisində səslərin 13 faizini qazanan MHP ümid edir ki, təkrar seçkidə daha uğurlu nəticə əldə edəcək və daha güclü kartlarla AKP ilə koalisiya hökuməti qura biləcəkdir. Əlbəttə ki, bu da istəkdir və bunun reallaşması yolunda bir çox maneələr vardır. MHP riskli oyun oynayır. MHP düşünür ki, terrorun baş qaldırması və Türk Silahlı Qüvvələrinin PKK-yə zərbələr endirməsi ölkədə seçkicilərin radikallaşmasına gətirər və bu radikallaşan seçicilər üzünü MHP-yə yönəldə bilərlər. Hadisələrin belə inkişaf edəcəyini heç kim əminliklə deyə bilməz. Əksinə, terror aktlarının və itgilərin artması əhalinin radikallıqdan uzaqlaşmasına səbəb ola bilər ki, bu, MHP-nin heç də xeyrinə deyil.

CHP-nin ən böyük problemi partiyanın çox zəif və naşı şəxslərin əlində olmasıdır. Türkiyədə ikinci böyük partiya olan CHP-nin Rəcəb tayyib Ərdoğan qədər olmasa da, Əhməd Davudoğlu kimi peşəkar siyasi liderə böyük ehtiyacı var. Məhz bu səbəbdən Ərdoğan və Davudoğlu Kamal Kılıcdaroğlunu ciddi rəqib kimi görmürlər. Nöbvədənkənar seçki keçirilərsə, CHP-nin artıq səs qazanacağını təsəvvür etmək çətindir. İyunun 7-dən sonra CHP liderlərinin çox ciddi siyasi səhvə yol verdiyini sezməmək mümkün deyildir. CHP liderinin əvvəlcə MHP-nin qapısını döyməsi, sonra AKP-yə özünü koalisiya ortağı kimi sevdirməsi səriştəsizlikdən xəbər verir. CHP təkrar seçkinin uduzan tərəfi ola bilər.

HDP-yə gəldikdə, hətta PKK-a ilə sıx əməkdaşlıq etməkdə ittiham edilsə də, bu partiya özündən arxayın görünür. Bəlkə də haqlıdır. AKP-nın və prezident Ərdoğanın partiyanın bağlanmasına və Səlahəddin Dəmirtşala birlikdə bir neçə lideri barədə cinayət işi açılmasına eyham etməsi, HDP-ni kürdlərin gözündən salmadı, tam əksinə, HDP-nin nüfuzunu artırdı. Əgər vəziyyət belə davam edərsə, növbədənkənar seçkilərdə bu partiyanın 13 faizdən çox səs qazanacağını iddia etmək yanlış olmaz.
Mirzə Xəzər
04.08.2015