Mirzə Xəzər: Qarabağ getdi? Ceyms Uorlikin bəyanatı. Azərbaycan yeni tələyə düşəcəkmi?

uorlik
İlham Əliyev razıdır. Azərbaycan mətbuatı büsbütün saralmışdır. Saralmayanı da saraldacaqlar. Mətbuat səhifələrində Qarabağ müharibəsi artıq başlayıb, torpaqların bir hissəsi azad edilib, Yerevana bir neçə kilometr qalıb. Mətbuat əhalini yuxuya verməkdə davam edir. Bəs diplomatik cəbhədə nələr olur? ATƏT-in amerikalı həmsədri Ceyms Uorlikin Bakıda mətbuat konfransında söylədikləri narahat olmaq üçün ciddi səbəbdir. Görünən odur ki, ATƏT-in Minsk qrupu Azərbaycanı Dağlıq Qarabağ məsələsinin xalqların öz müqəddəratını sərbəst təyin etmək hüququ çərçivəsində həllinə məcbur etmək istəyirlər. Ceyms Uorlik demişdir ki, “Dağlıq Qarabağ münaqişəsi Helsinki Yekun Aktının prinsipləri – ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmə prinsipləri əsasında həll olunmalıdır”. Qəribədir. Məlumdur ki, ermənilər düz 28 ildir Dağlıq Qarabağ məsələsinin təyini-müqəddərat hüququ əsasında həll edilməsini tələb edirlər. Maraqlıdır ki, Ceyms Uorlik münaqişənin həlli üçün 1985-ci ildə Helsinkidə imzalanmış yekun Bəyannaməni əsas götürür. Helsinki Bəyannaməsi soyuq müharibənin ən qızğın çağında SSRİ-ni insan hüquqları sahəsində müəyyən güzəştlərə məcbur etmək üçün tətiblənən sənəd, amma əslində Moskva üçün qurulmuş tələ idi. Helsinki Bəyannaməsində xalqların təyini-müqəddərat hüququnun qeyd edilməsi birinci növbədə SSRİ-nin qeyri-rus millət və xalqlarına, müttəfiq respublikalarına öz taleyini sərbəst təyin etmək üçün hüquqi zəmin yaradırdı. Bununla da SSRİ-nin zəifləməsinə nail olacaqdılar. Digər tərəfdən isə bu maddə SSRİ-nin hökmranlığı altında olan Şərqi Avropa ölkələrinin Moskvanın boyunduruğundan xilas olması üçün yol idi. Helsinki Yekun Sənədi imzalandıqdan 10 il sonra – 1985-ci ildə SSRİ-nin süqutu başladı…

Ceyms Uorlikin 1975-ci il Helsinki Yekun Bəyannaməsinin təyini müqəddərat maddəsini Qarabağın statusuna tətbiq etməsi pərdə arxasında müəmmalı oyunların getdiyini göstərir. Söhbət Helsinki sənədində qeyd edilmiş üç prinsipin – ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmə prinsipləri bəzən bir-birini istisna edən prinsiplərdir. Ceyms Uorlikin bu bəyanatı Azərbaycan hökuməti ilə danışıqlarda təkrar etdiyini söyləsək yanılmarıq. Azərbaycan hökuməti məsələyə necə yanaşır? Dəqiq bilmirik, amma təxmin etmək mümkündür ki, rəsmi Bakı hansısa mühüm güzəştlərə razılıq verib və mətbuatda müharibə hay-küyünün mərkəzdən qızışdırılması ictimaiyyəti çaşdırmaq və yuxuya vermək üçün işlədilən fənddir.

Mirzə Xəzər
24.07.2015

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*