Mirzə Xəzər: Görün kim kimi ittiham edir! Qüdsi Osmanovun Abbas Abbasova hücumunun sirrləri

osman1abbas1

Məzhəkə: Azərbaycanda günahkar günahkarı günah işləməkdə ittiham edir

2011-ci il martın 20-si.  Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun Peterburqda təşkil etdiyi bayram konserti gedir. diasporanın bir nümayəndəsi konsertə gələn minlərlə adamın gözü qarşısında ayağa qalxdı, meqafonu əlinə götürüb Azərbaycanın Peterburqdakı konsulunu bir azərbaycanlı qızı zorlamaqda ittiham etdi. Adı çəkilən qız da bu ittihamı irəli sürən Müzəffər Baxışova qoşuldu və o da meqafonla təsdiq etdi ki, konsul ona təcavüz edib. Azərbaycanın Peterburqdakı o konsulunun adı Qüdsi osmanovdur. Bəli, eyni Qüdsi osmanov. Bu gün Moskvada Polad Bülbüloğlunun “birinci” müavini sifətilə baş nazirin keçmiş birinci müavini Abbas Abbasovu bir sıra “cinayətlərdə” ittiham edən həmən Qüdsi Osmanov. Rusiya hüquq mühafizə orqanları hadisə ilə bağlı istintaq aparıblar. Deyilənə görə, istintaq Qüdsi Osmanova qarşı irəli sürülən ittihamların yalan olduğunu irəli sürür. Osmanovun arxası çox möhkəmdir. Bu biabırçığa baxmayaraq, onu konsul vəzifəsindən tərpətmədilər. O vaxt bu məsələni belə yozdular ki, bütün bu həngamə Peterburqda birlikdə qılınc oynadan və sərvət toplayan iki şəxs: Qüdsi Osmanov və Vaqif Məmişov arasında düşmənçiliyin nəticəsidir. Dava yorğan davası imiş. “Azadlıq” qəzeti yazırdı ki, bu münaqişə Heydər Əliyev Fondunun Peterburq filialının rəhbəri vəzifəsi uğrunda savaşın nəticəsidir. Qəzet 25 mart 2011-ci il nömrəsində yazırdı: “Bu post nə boyda matah olub ki, onun üstündə iki nəhəng biznesmen, az qala bir-birinin qanına susayır? Çünki belə bir təmsilçilik Azərbaycanda da yekə biznes şəbəkəsi qurmaq üçün korrupsiya şəbəkəsinə daxil olmaq imkanı verir.”  Heydər Əliyev Fondu korrupsiya şəbəkəsinə gedən hyolun qapısıdır? Maşallah! Bura Azərbaycan imiş!

Gələk bu günlərə. 2015-ci il. “Azerinews.tv” saytı iddia edir ki, Qüdsi Osmanov Azərbaycan Beynəlxalq Bankına “10 milyon dollar atıb”. Sayt yazır: “Qüdsi Osmanov götürdüyü həmin 10 milyon dollarla Sank-Peterburqdakı “Bakı” restoranını satın alıb. Amma həmin vəsait bu günə qədər Beynəlxalq Bankın Sankt-Peterburq filialına ödənilməyib. Məsələ ilə bağlı bank rəhbərliyi Qüdsi Osmanova dəfələrlə xəbərdarlıq etsə də səfir müavini onlara rədd cavabı verib. Hətta bununla kifayətlənməyən Qüdsi Osmanov bank rəhbərliyin, prezident İlham Əliyevin və general Bəylər Əyyubovun adı ilə hədələyib.” Məlumatı müstəqil mənbələrdən təsdiq etmək mümkün olmayıb. Amma bu, məsələnin bir üzüdür. Məsələnin əsl üzü isə odur ki, haqqında bu qədər ittiham səslənmiş Qüdsi Osmanov bu gün bir neçə qəzet vasitəsilə baş nazirin keçmiş birinci müavini Abbas Abbasova ittihamlar yağdırmağa başlayıb. Eynən Peterburqda öz rəqiblərinə, xüsusilə Vaqif Məmişova qarşı mübarizədə etdiyi kimi.

Abbas Abbasovun günahsız mömin olduğunu iddia etmək sadəlövhlük olar. Burada bir günahkarın o biri günahkarı günahkar olmaqda ittiahm etməsindən söhbət gedir. Abbas Abbasova borcumuz yoxdur. Söhbət kimisə müdafiə etməkdən getmir, prinsipdən gedir.

Niyə Abbas Abbasov?

1966-cı il, fevralın 16-da Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olan Osmanov Qüdsi Dursun oğlu hal-hazırda rəsmən Azərbaycanın Rusiyada səfiri Polad Bülbüloğlunun müavini adlansa da, həqiqətdə Polad Bülbüloğlunun de fakto müdiridi. Yəni Rusiyadakə səfirlik tamamilə Qüdsi osmanovun nəzarətindədir. Peterburqda diasporanı parçalamaqda məharətini göstərmiş Qüdsi Osmanov Rusiyada bütün azərbaycanlıların diasporasına, “AzərRos”a nəzarət etmək istəyir. Bu yolda ən böyük maneə Rusiya hökumət dairələrində hörmət və etibar qazanmış, İlham Əliyevə də sadiq olan Abbas Abbasovdur. Görünür, Osmanovun Bakıda güclü dayağı var və onların sifarişi ilə Abbas Abbasovu bərtərəf etmək istəyir. Şübhə yoxdur ki, Peterburqda oliqarx səviyyəsində sərvət toplamış Qüdsi Osmanov “AzərRos”un möhürünü ələ keçirtməklə diasporanı möhkəmlətmək yox, parçalamaq və həm də əlavə maliyyə imkanlarına sahib olmaq, Rusiyadakı imkanlı azərbaycanlıların boynuna “vergi” yükləmək istəyir. Abbas Abbasov isə “xarac” verir, amma toplamır. Azərbaycan iri addımlarla inkişaf edir…

Mirzə Xəzər
17.07.2015

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*