5 ildə 253 milyard avronu yeyən ölkə – Yunanıstan

refer

Yunanıstan haqqında qısa məlumat. Yunanlar düz 34 ildir (1981-ci ildə Avropa Birliyinə üzv olandan bəri ) Avropa Birliyinin hesabına kef çəkirdilər. Yunanıstan 2001-ci ildə iqtisadi inkişaf nəticələrinə dair saxtalaşdırılmış hesabatı Avropa Birliyinə, birinci növbədə isə Almaniyanın o zamankı kansleri Gerhard Şröderə sırımış və Avropa Valyuta İttifaqına-Avroya qoşula bilmişdir. Almaniyanın kansleri Angela Merkel hələ bu günədək deyir ki, Yunanıstanın Avroya qoşulması səhv addım idi və bu qərarın məsuliyyəti o illərdə baş nazir vəzifəsini ifa etmiş sosial-demokrat Gerhard Şröder daşıyır. Gerhard Şröder “Gazprom”un təmsilçisidir və öz kefindədir. Bəs Yunanıstan? 2010-cu ildən bu günədək – düz beş il müddətində Avropa Birliyi Yunanıstana 253 milyard avro kredit (borc) verib. Borc verməyib, bu milyardları dibsiz quyuya töküb. Çünki, it də getdi, ip də. Yunanıstan iflas etmiş dövlətdir. İyunun 5-də keçirilən referendum Avropa Birliyinin, Beynəlxalq Valyuta İttifaqının və iri bankların Yunanıstana əlavə kredit vermək üçün irəli sürdükləri şərtlərdən canını qurtarmaq üçün təşkil edilmişdir. Tsipras və onun hökuməti istədiyinə nail oldu. Yunanıstan Avroya əlvida deyəcək, 253 milyard avro dənizdə batacaq, Avropa Birliyinin ölkələri iqtisadi qənaət proqramı tətbiq etməklə, yəni vətəndaşlarının qayışını sıxmaqla bu milyardların əvəzini çıxmağa çalışacaqlar. Yunanlar isə hardasa təzə sağmal inək axtarıb tapacaqlar. Almaniyanın baş naziri Merkel artıq bildirib ki, Avropa Birliyi Yunanıstana əlavə kredit vermək niyyətində deyildir. Amma bu məsələdə Avropa Birliyi ölkələri arasında yekdillik mövcud deyildir. Avropa Birliyi nokaut vəziyyətindədir. Alman şərhçiləri Avropanın parçalanmaq təhlükəsi ilə üzbəüz olduğunu qeyd edirlər.

Mirzə Xəzər
06.07.2015

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*